452
Rəylər 19 İyul 2021, 09:53

Cənubi Azərbaycandan Xuzistan etirazlarına dəstək

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində cümə günündən etibarən su qıtlığı ilə bağlı etirazlar davam edərkən İran Azərbaycanının təşkilatları həmin etirazlara dəstək olaraq ortaq bəyanata qol çəkib.

Azərbaycanlı təşkilatların saytlarında yayımlanan bəyanatda, İran hakimiyyətinin bölgədəki insanların dinc etirazlarına qarşı repressiyasını və irqçi siyasətini məhkum edərək, beynəlxalq təşkilatları İran hakimiyyətini bölgədəki insanlara qarşı şiddətli repressiyasını dayandırmağa çağırmağa dəvət edib.

Birlik, GADTB, Dirəniş, GAMAC, GAMOH, AZOH, GAİP, GADP, GALDP və AMP kimi təşkilatlar və partiyaların imzaladığı bəyanatda “Əl-Əhvaz” bölgəsinin ərəb əhalisinə qarşı tətbiq edilən ayrı-seçkilik siyasətləri qınanıb, 3 gün davam edən nümayişlərə dəstək verilib.

Azərbaycan Mərkəz Partiyasının Mərkəzi Şura üzvü Elyar bəy Kamrani Amerikanın Səsinə müsahibədə çox sayda güneyli təşkilatların birgə bəyanatının səbəbinin türklər və ərəblərin “ortaq dərdlərə” və “eyni sistematik ayrı-seçkilik siyasətlərə” məruz qalmasını qeyd etmək olduğunu bildirib.

HRA xəbər agentliyinin bölgədən əldə etdiyi məlumata istinadən, üç gün boyunca davam edən nümayişlərdə 3 vətəndaşın həyatını itirdiyini yazıb. Lakin İranın rəsmi xəbər agentlikləri sadəcə bir nəfərin həyatını itirdiyini bildirib. HRA xəbər agentliyi üçüncü vətəndaşın həyatını itirdiyi barədə yayımlanan xəbəri dəqiqləşdirmək üçün araşdırmasını davam etdiyini yazıb.

Elyar Kamrani yerli fəallardan aldığı bilgilərə istinadən iki gənc vətəndaşın Xuzistan etirazlarında həyatını itirdiyinin təsdiqləndiyini bildirib. Siyasi fəalın fikrincə, ölkənin şəraiti Xuzistan bölgəsində gedən etirazlara bənzər nümayişlərin digər bölgələrdə də baş tuta biləcəyi ehtimalını artırır.

“Şərait elədir ki, insanların başqa yolları yoxdur. Şərait elə çətinləşib ki, artıq etirazlarla bu şəraitdən qurtarmaq üçün bu sistemə yox demək lazımdır,” – deyə siyasi fəal ifadə edib. ("Amerikanın səsi")

Xəbərlər