2067
Rəylər 18 İyul 2021, 12:26

Mişel Bakıya əliboş gəldi...

Redaksiyadan

Missiyasını yerinə yetirən və Paşinyanla siyasi sövdələşmə bağlayan Avropa Şurası İttifaqının prezidenti Şarl Mişel dünən axşam Bakıya gəldi. Lakin o, Heydər Əliyev Aeroportunda təyyarənin trapından əli boş enib. Belə görünür ki, Mişel Bakıda da Yerevanda səsləndirdiyi siyasi bəyanatlara vurğunu yönəldəcək. Qərb hələ də ümid edir ki, Azərbaycan Ermənistanla sərhəddən öz qoşunlarını geri çəkəcək. Axı Paşinyan hələ də sərhəddə Ermənistana dost ölkələrin-ABŞ və Fransanın qarışıq kontingentindən ibarət sülhməramlı qüvvələrin yerləşdirilməsində israr edir. Və Mişel bunu Yerevanda Paşinyanla müzakirə edib. Bir sözlə, Mişel Bakıya ancaq siyasət naminə gəlir.

Paşinyanın son günlər cəsarət yığması və üçtərəfli razılaşmanın mühüm bəndlərinin yerinə yetirilməsini təhlükədə qoyan bəyanatlar verməsi də əsasən bununla izah edilə bilər. Şarl Mişelin səfəri ərəfəsində Paşinyan bildirdi ki, Zəngəzur nəqliyyat dəhlizinə dair razılaşmanı yerinə yetirmək istəmir, çünki onun sözlərinə görə, üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” ifadəsi yox imiş.

Məsələ burasındadır ki, Brüsseldən olan emissarlar da özlərinin əsl niyyətini-müftəxor dövlət üçün Gürcüstan üzərindən Qərbə başqa dəhliz açmaq niyyətlərini gizlətmirlər. Hələ iyulun 2-də Avropa Komissiyası bildirmişdi ki, qarşıdakı 5 ildə Ermənistana bir sıra layihələr, o cümlədən Qərbi Zəngəzurun (Sünik vilayəti) inkişafı üçün 1.5 milyard avro ayıracaq. Bu layihələrə Şimal-Cənub dəhlizinin inkişafı da daxildir. Söhbət İrandan keçən, Baltik ölkələri ilə Hindistanı birləşdirən nəqliyyat dəhlizindən gedir. Bu dəhliz haqda Paşinyan da özünün seçki çıxışlarında danışırdı.

Avropa İttifaqının Ermənistan üçün nəzərdə tutduğu milyardlarla dollar yardım Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ayrılacaq. İttifaqın yeni iqtisadi yardım paketi proqrama cəlb olunmuş ölkələrdə pospandemiya dövründə iqtisadi inkişafa təkan vermək məqsədi daşıyır. Bu proqram çərçivəsində Cənubi Qafqaz ölkələrinə cəmi 2.3 milyard dollar yardım nəzərdə tutulur ki, onun da 1.6 milyard dolları Ermənistana gedəcək. Yəni 70 faizə yaxını. Lakin Avropa İttifaqı 30 ilə yaxın Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkmiş, o cümlədən nəhəng iqtisadi zərərə məruz qalmış Azərbaycana, onun işğaldan azad olunan ərazilərindəki dağıdılmış şəhər və kəndlərə demək olar ki, diqqət ayırmayıb. Avropa İttifaqı Azərbaycana təxminən 150 milyon avro yönəltməyi nəzərdə tutur. Yəni demək olar ki, heç nə. Simvolik dostluq və tərəfdaşlıq əlaməti kimi.

Üstəlik Şarl Mişelin ardınca Avropanın iri biznesi də Yerevana can atır, aydındır ki, onlara bunu məsləhət görüblər.

Əlbəttə, Qərb demokratiyasının nümayəndələrinin Azərbaycan Prezident Administrasiyasının kabinetlərində müzakirə etdiyi ədalət və dürüstlük tələb edirdi ki, Azərbaycana da dağıdılmış şəhər və kəndlərinin bərpası üçün milyardlarla dollar ayrılsın. Lakin dünyada hegemonluq və təsir zonaları  uğrunda  imperialist mübarizənin getdiyi bir vaxtda hansı universal dəyərlərdən söhbət gedə bilər?

Qərb öz seçimini edib və yarımmüstəmləkə Ermənistanı özünün regiondakı vassalı kimi seçib. Azərbaycan hökuməti yeni gərginlik dalğasında Bakıya qarşı kimin qarşı çıxdığını görür və başa düşür. Bizə təhlükə yenə də Qərbdən gəlir!..

Virtualaz.org

Xəbərlər