182
Rəylər 19 İyun 2021, 11:15

Türk Şurasının Baş katibi Şuşa Bəyannaməsi haqda

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən virtualaz.org-a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülhə, təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurasına,  Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi və əməkdaşlıq, müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Xəbərlər