863
Rəylər 18 İyun 2021, 21:48

Kremlin keçmiş baş ideoloqu Putini Oktavian Avqustla müqayisə etdi

Kremlin keçmiş baş ideoloqu, indiki Rusiya dövlətinin nəzəri əsaslarının banisi, president Vladimir Putinin keçmiş köməkçisi Vladislav Surkov onu qədim Roma imperatoru Oktavian Avqustla müqayisə edib. Virtualaz.org xəbər verir ki, Surkovun “The Financial Times” qəzetinə müsahibəsindən sitatları Rusiya KİV-ləri dərc edir.

Surkov deyib ki, Putin onun köməyi ilə “yeni tip dövlət” yaratdı. Oktavian kimi o, formal olaraq respublika institutlarını saxladı, amma hər şey ona tabe oldu. “İnsanlar mübarizə aparmaqdan çəkinəndə Oktavian hakimiyyətə gəldi. O, yeni tip dövlət yaratdı. Bu, artıq Respublika deyildi. O, respublikanın formal institutlarını saxladı-senat var idi, tribunal var idi. Lakin bütün bunların hamısı bir adam qarşısında hesabat verirdi və ona tabe olurdu. Putin də belə elədi. O, demokratiyanı ləğv etmədi, demokratiyanın prinsiplərini Rusiya idarəçiliyinin arxetipi ilə qarışdırdı, hansı ki, burada azadlıqlar da var, qayda-qanun da”,-Surkov bildirib.

 

O, qeyd edib ki, Sovet İttifaqında yeknəsəqlik çox idi, ona görə də SSRİ dağıldı. Çünki insanlara müxtəliflik lazımdır. Lakin müxtəliflik Rusiyada 90-cı illərdə yarandı və ölkəni daha tez dağıtmağa başladı.

“Biz insanlara müxtəliflik verməliyik. Lakin bu müxtəliflik nəzarət altında olmalıdır. Bu, xaosla qayda-qanun arasında yaxşı kompromisdir. Azadlıqların həddən artıq olması dövlət üçün öldürücüdür”,- Qərbdə çar rejimi ilə müqayisə olunan və diktatura adlandırılan “suveren demokratiya” nəzəriyyəsinin banisi olan Surkov bildirib.

 

Rusiya prezidentinin keçmiş köməkçisi etiraf edib ki, Krımın Rusiyaya birləşdirilməsi planının arxasında məhz o dayanmışdı. Surkov bunu Moskvanın Qərbə qarşı “ilk əks-hücumu” adlandırıb. “Mən fəxr edirəm ki, Krımın yenidən fəthinin iştirakçısı olmuşam. Bu, Rusiyanın Qərbə qarşı ilk qətiyyətli geosiyasi hücumu idi. Bu mənim üçün şərəfdir”,-Surkov deyib.

Qeyd edək ki, Surkov həm də Donbassda qondarma “xalq respublikalarının” yaradılması planının müəllifidir və onun Ukraynanın şərqində separatizmi necə alovlandırdığı, QRU diversantlarını necə kurasiya etdiyi haqda elektron yazışmalar, sənədlər üzə çıxıb. Surkov habelə separatçı Abxaziya və Cənubi Osetiyanın kuratoru olub.

Müsahibədə Surkov Kremldən istefasını “kuklaoynadan” imici qazanması ilə əlaqələndirib. “Nə vaxtsa kimsə hansısa vəzifəni tutursa və vətəndaşlar onun haqqında “kuklaoynadan” deyirsə, demokratiyanın boğucusu deyirsə, onu Rasputin adlandırırsa deməli hökumət belə adamları uzaqlaşdırmalı olur. Çünki onlar hakimiyyətə qarşı nifrətin mahiyyətinə çevrilir. Onları dəyişmək lazımdır ki, ölkə sakinlərini qıcıqlandırmasınlar”,-Kremlin keçmiş baş ideoloqu bildirib.

Qeyd edək ki, Surkovun nəzəriyyəsi bir çox digər keçmiş sovet respublikalarında da idarəçilik modeli olaraq tətbiq edilməkdədir.

Virtualaz.org

Xəbərlər