257
Rəylər 11 iyun — 16:27

"Gallup"un sorğusunda Koçaryan Paşinyanı üstələdi

“Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi yeni sorğunun nəticələrinə əsasən sabiq prezident Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku öndə gedir.

Azvision.az xəbər verir ki, bunu “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan deyib.

Onun sözlərinə görə, respondentlərin 24,1% -i Robert Koçaryanın “Ermənistan” blokuna, 23,8% -i isə Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasına səs verməyə hazır olduqlarını bildiriblər. Beləliklə, Koçaryanın bloku kiçik fərqlə liderlik edir.

Sorğu Ermənistanın bütün bölgələrində və paytaxtda iyunun 7-dən 10-dək aparılıb.

Ümumilikdə, 1103 respondentlə müsahibələr aparılıb. Onun sözlərinə görə, seçkilər gələn bazar günü keçirilsəydi, mənzərə elə olardı.

Üçüncü yerdə Artur Vanetsyanın "Şərəfim var" blokudur, seçicilərin 7,4% -i ona səs verməyə hazırdır. Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3,7%, Edmon Marukyanın “Parlaq Ermənistan” partiyası 3,1%, “Şirinyan-Babacanyan” bloku 2,5%, Aram Sarkisyanın Respublika Partiyası 2,3% səslə sonrakı yerləri tutublar.

Respondentlərin 53,9% -i seçkilərdə iştirak edəcəyini, 22,7%-i səsverməyə getməyəcəyini, 9,2% -i heç kimə səs verməyəcəyini bildirib. Rəyi soruşulanların 61,7% -i ölkədəki daxili siyasi vəziyyəti gərgin, 26,6% -i olduqca gərgin qiymətləndirir, 3.5% -i isə  hər şeyin qaydasında olduğunu düşünür.

Xəbərlər