955
Rəylər 19 aprel — 14:30

Axı Toyvo Klaara Qarabağ məsələsi ilə məşğul olmaq, separatçılarla görüşmək mandatını kim verib?!

Xəbər verildiyi kimi ötən həftə Avropa İttifaqının Cənubi Qafqaz və Gürücstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Yerevanda işgüzar səfərdə olarkən özünü “dağlıq qarabağ respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanla görüşüb. Görüşdə, açıqlandığı kimi, regionda müharibəsonrası humanitar vəziyyət və digər mövzular müzakirə edilib.

Avropa İttifaqını təmsil edən diplomatla Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində fəaliyyət göstərən qondarma rejimin nümayəndəsi arasında təmas faktı Bakıda təəcüb və etirazla qarşılanıb. Azərbaycan ictimaiyyəti Toyvo Klaarın Dağlıq Qarabağdakı oyuncaq rejimin nümayəndəsi ilə görüşməsinin məqsədini anlamayıb və buna öz neqativ münasibətini göstərib. O cümlədən rəsmi Bakı diplomatın bu hərəkətinə etiraz bildirib, Avropa İttifaqının Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırılıb və ona Toyvo Klaarın Yerevanda separatçıların nümayəndəsi ilə görüşməsi faktına görə rəsmən ciddi etiraz çatdırılıb.

Toyvo Klaar Yerevanda

Virtualaz.org xəbər verir ki, Azərbaycan tərəfinin bu etirazlarından sonra cənab Toyvo Klaar özü də məsələyə münasibət bildirib, “Turan” agentliyinə açıqlamasında deyib ki, Dağlıq Qarabağ erməniləri icmasının nümayəndəsi ilə görüşü barədə əvvəlcədən Azərbaycan rəhbərliyini məlumatlandırmışdı.

Habelə diplomat öz hərəkətinə bəraət qazandırmağa çalışaraq deyib: “Təkrar edirəm: bu faktdır ki, bu və əvvəlki görüşlər (Dağlıq Qarabağdakı separatçıların nümayəndələri ilə,-red.) Yerevanda baş tutub, həmsöhbətlə razılaşmaq və ya onun tanınması demək deyildi. Heç bir halda bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik nümayişi olmayıb. Buna heç bir şübhə yeri ola bilməz. Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Lakin bu izah heç cür Azərbaycan ictimaiyyətini qane edə bilməz. Əvvəla cənab Klaara Dağlıq Qarabağdakı oyuncaq erməni rejiminin təmsilçisi ilə görüşlər keçirmək mandatını kim verib? Axı o, Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndədir və heç bir halda Dağlıq Qarabağ məsələsi ilə məşğul olmaq səlahiyyətini daşımır. Amma görünür diplomat öz mandatının mahiyyətini, ən yumşaq variantda desək, yaxşı anlamır.

Toyvo Klaarla David Babayan arasında anlaşılmaz mahiyyət daşıyan görüş barədə ötən məqaləmizdə bəhs etdiyimiz kimi, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansısa rol oynaya bilməyib. Münaqişənin nizamlanması prosesinə birbaşa cəlb olunmayıb və hansısa “xalq diplomatiyası, xalqlar arasında etimad” kimi mücərrəd təşəbbüslərə qrant dəstəyi verməkdən o yana keçməyib. Bəs o zaman Aİ nümayəndəsi hansı mandatla Dağlıq Qarabağdakı erməni separatçılarının nümayəndəsi ilə (lap Yerevanda olsa belə) görüşlər keçirir, üstəlik bu təmasları Azərbaycanın öz ərazilərini azad etməsindən və Dağlıq Qarabağa hər hansı status verilməsi məsələsini gündəmdən çıxarmasından sonra davam etdirir? Avropa İttifaqının nümayəndəsinin belə təmasları əgər münaqişə və ya müharibəsonrası vəziyyətlə bağlıdırsa deməli o, ATƏT-in Minsk Qrupunun mandatına girmiş olur. Çünki bir daha təkrar edirik ki, heç kim Avropa İttifaqına bu münaqişə ilə məşğul olmaq mandatı verməmişdi.

Toyvo Klaara Gürcüstandakı separatçılarla "məşğul olmaq" mandatı veriblər, Qarabağdakı separatçılarla isə 30 ilə yaxın ATƏT-in Minsk Qrupu "məşğul olub", həm də nəticəsiz olaraq...

İndiki halda, yəni Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə formal mövcudluğunu saxlamış oyuncaq “dqr hökumətinin” təmsilçisi qismində Babayanla görüşmək nonsensdir. Olduqca uğursuz diplomatiyadır və Avropa İttifaqının nəinki Azərbaycanla münasibətlərinə, eləcə də onun regiondakı roluna zərbədir. Kimdir axı bu Babayan? Özünə qondarma “xarici işlər naziri” titulu yapışdırmış bu adamla Aİ-ni regionda təmsil edən diplomatın təmas qurması faktının özü qəbuledilməzdir, hiddət doğurur. Digər tərəfdən belə təmaslar erməni tərəfinin revanşizm, separatçılıq və terror niyyətlərini dirçəltmək cəhdidir. Yəni erməni cəmiyyətinin revanş arzusu ilə yaşayan qismində ümidlər yarana bilər-baxın, əgər Aİ diplomatı qondarma “dqr xarizi işlər naziri” ilə görüşməyi hələ də özünə rəva bilirsə deməli hər şey itirilməyib, əlverişli məqam yarananda yenidən cəhd etmək olar.

Sual yaranır-eyni məntiqlə cənab Klaar niyə qondarma Donetsk və Luqansk “xalq respublikalarının” rəhbərləri ilə də görüşmür? Axı Aİ eynilə Ukraynanın da ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini daim bəyan edir. Bir halda ki, belə təmaslar ərazi bütövlüyünə və suverenliyə dəstək bəyanatlarına ziddi deyil, o zaman Aİ nümayəndəsi “xalq respublikaları” ilə də təmas qura bilər, elə deyilmi?

"Donetsk xalq respublikasının" yaraşıqlı, gənc "xarici işlər naziri"-girdəsifət, saqqallı Babayanla görüşməkdənsə cənab Klaar onunla görüşsə daha maraqlı olmazmı?

Ümumiyyətlə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ofisi Qarabağ probleminin həllinə heç bir töhfə verə bilməyib. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalanda və Ermənistan status-kvonu uzadıb danışıqlar prosesini dalana dirəyəndə cənab Klaar və onun ofisi harada idi? Axı heç kim bu ofisin Ermənistana işğal siyasətindən əl çəkməsi üçün hansısa təzyiqlər, təsirlər göstərdiyinin şahidi olmayıb.

Nəhayət, Toyvo Klaarın Yerevanda Babayanla görüşəcəyi haqda əvvəlcədən Azərbaycan rəhbərliyini məlumatlandırması barədə dedikləri. Virtualaz.org diplomatik və rəsmi qaynaqlardan araşdırıb ki, bu, tamamilə yalandır və diplomat həmin təması barədə əvvəlcədən Azərbaycan tərəfini məlumatlandırmayıb, hər hansı instansiyaya bu haqda məlumat verməyib.

Sual yaranır-Azərbaycanın separatçılarla hələ də təmasları saxlayıb onları gündəmə geri qaytarmağa çalışan institutla əməkdaşlığının nə mənası var? Belə davam edərsə görünür rəsmi Bakı Avropa İttifaqının nümayəndəliyi ilə bütün təmasları kəsməli olacaq.

Virtualaz.org

Xəbərlər