684
Rəylər 4 mart — 10:48

ABŞ-ın demokratiya naminə rejimləri devirməkdən imtina etməsinə Rusiyadan reaksiya

10.49

“ABŞ demokratiyanı güc yolu ilə yaymaqdan imtina etməklə çox düzgün qərar qəbul edib”,-Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Müdafiə Nazirliyinin “Zvezda” telekanalına açıqlamasında belə deyib.

Zaxarovanın sözlərinə görə, dövlət katibi Entoni Blinkenin dedikləri “çox gözəl tezisdir”. Bununla birlikdə Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, nəinki güc yolu ilə, eyni zamanda başqa resurslardan istifadə etməklə də nəyisə zorla suveren dövlətlərin arzusu və istəyi olmadan onlara yeritmək olmaz. “Birləşmiş millətlərin nizamnaməsini oxumaq və onu rəhbər tutmaq lazımdır. Prinsipcə böyük olmayan broşüradır, Dövlət Departamenti oxuya bilər”,-Zaxarova deyib.

Bundan əvvəl dövlət katibi Entoni Blinken ABŞ-ın rejimləri devirmək yolu ilə başqa ölkələrə demokratiyanı yaymaq taktikasının işə yaramadığını etiraf edib. Amma bildirib ki, ABŞ bunu başqa yolla, öz nümunəsində olduğu kimi, islahatlara və demokratiyaya həvəsləndirmək yolu ilə edəcək.

 

 

***

ABŞ başqa ölkələrdə rejimləri devirməklə və hərbi intervensiya həyata keçirməklə demokratiyanı zorla yeritməkdən əl çəkir. Virtualaz.org xəbər verir ki, belə bəyanatla dövlət katibi Entoni Blinken Vaşinqtonda xarici siyasət məsələlərinə həsr edilmiş görüşdə çıxış edib. Onun bəyanatından “Financial Times” sitat gətirir.

 

“Biz demokratiyanı bahalı hərbi intervensiyalar və ya avtoritar rejimləri güc yolu ilə devirməklə yaymayacağıq. Keçmişdə bu taktikadan istifadə etməyə cəhd etdik. Lakin xoş niyyətə baxmayaraq bu işə yaramadı”,-Blinken bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden Donald Trampdan fərqli olaraq ölkəsinin qlobal rolunu yenidən gücləndirməyə yönəlmiş xarici siyasət aparacağını elan edib. Bura dünyada insan haqları və demokratiyanın müdafiəsini gücləndirmək də daxildir. Amma ABŞ “qlobal polis” rolunu oynamaqdan və başqa ölkələrin işlərinə birbaşa qarışmaqdan çəkinəcək.

Virtualaz.org

Xəbərlər