600
Rəylər 20 oktyabr — 21:43

Milyarder Fərhad Əhmədov: “Rusiya ancaq Azərbaycanı dəstəkləyərək Cənubi Qafqazda möhkəmlənə bilər”

Eks Rusiya senatoru, Azərbaycan əsilli rusiyalı milyarder, mesenat Fərhad Əhmədov “Novaya İzvestiya” online nəşrində analitik məqalə ilə çıxış edərək Rusiya siyasi rəhbərliyini Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməklə Cənubi Qafqazdakı rolunu və nüfuzunu bərpa etməyə çağırıb. Həmin məqaləni təqdim edirik:

 

Dağlıq Qarabağ-Azərbaycandır sadə həqiqəti bu günlərdə hər kəsə aydın olur. Region Azərbaycanın nəzarəti altına qaytarılır. Ermənilərin uzun illər ərzində möhkəmləndirdikləri müdafiə xətti gözlər önündə dağılıb gedir, düşmən silahlarını, texnikanı və sursatı ataraq qaçır. Azərbaycan qoşunları artıq qədim Xudafərin körpüsündə bayraq qaldırıb və işğal atındakı ərazilərin xeyli hissəsini azad edərək Şuşaya, Xankəndinə istiqamətlənib.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan videokadrlar düşmənin hərbi texnikasının və canlı qüvvəsinin pilotsuz vasitələrlə necə dəqiqliklə məhv edildiyini göstərir. Yerevanın bu yüksək texnoloji müharibə vasitələrinə cavab vermək imkanı yoxdur və o, döyüş əməliyyatları zonasından yüzlərlə kilometr məsafədə yerləşən dinc yaşayış məntəqələrinə gecə vaxtı raket zərbələri endirməyə əl atır. Gəncəyə raket zərbələri beynəlxalq humanitar normaların birbaşa pozulmasıdır və ya sadə dillə desək, hərbi cinayətdir.

Əbəs yerə deyil ki, dünya Nikol Paşinyanın Azərbaycan ordusunun uğurlu hücumuna qarşı necəsə cavab vermək üçün əsməcəli cəhdlərindən irəli gələn bu vəhşiliyi yekdil şəkildə qınayır.

İşğal edilmiş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının tam sürətlə davam etdiyi bu günlərdə Rusiyanın Cənubi Qafqaz regionundakı rolu barədə də düşünməyə dəyər. Onu nəzərə almaqla ki, sürətlə dəyişən hərbi-siyasi situasiya çoxsaylı nətiəcələrə də gətirib çıxarır. Ənənəvi olaraq Moskva postsovet məkanında lider rolunda çıxış edir.  Bununla belə Qarabağ münaqişəsində onun rolu çoxdan zəruri dinamikanı, enerjini və hadisələri qabaqlamaq imkanlarını itirib.

“Qarabağ keysi” özaxınına buraxılıb, uzaq xaricdən olan vasitəçilərin və daxili diasporların öhdəsinə buraxılıb. Nəticədə bu gün biz Ankaranın Dağlıq Qarabağ ətrafındakı münaqişədə və bütövlükdə regionda üzərinə aparıcı rol götürməyə çalışdığı bir vaxtda “Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması” kimi həyacanlı, panik bəyanatlar eşidə bilirik. Belə tendensiya Rusiyanın xarici siyasət istebleşmentindəki və ekspert cameəsindəki həmin məsul şəxslərin səhlənkarlığının nəticəsidir ki, onlar onillər ərzində münaqişənin nizamlanmasında fəal rol oynamaqdan yayınıblar, münaqişənin əbədi dondurulacağına ümid ediblər.

Dağlıq Qarabağda atəşkəs haqda razılaşmanın imzalanmasından 26 il keçib. Bir əsrin dörddə birindən də artıq müddətdə ATƏT-in Minsk Qrupu münaqişənin dinc həlli yollarını axtarıb, amma bir millimetr də irəli gedə bilməyib. Və bütün bu müddət ərzində Azərbaycan əraziləri işğal altında qalıb-Dağlıq Qarabağ və onun ətrafındakı yeddi ayon. Azərbaycandan onun 12 min kvadratkilometr ən yaxşı torpaqlarını qoparmaq istəyiblər. Az qala 30 il ərzində bu torpaqlar talanıb, oradan qızıl, mis və digər faydalı qazıntılar çıxarılıb daşınıb. Bir çox hesablamalara görə hər il işğal edilmiş ərazilərin talanmasından qondarma “DQR” rəhbərliyinin cibinə orta hesabla 283 milyon dollar axıb.

Bu vəziyyətlə heç bir lider barışa bilməzdi. Hamı bilir ki, münaqişənin qansız həlli naminə İlham Əliyev nə qədər çalışıb, ondan əvvəl də atası illərlə buna çalışıb. Qeyd etmək lazımdır ki, İlham Əliyev parlaq təhsil görmüş adamdır, MQİMO məzunudur, çox təmkinli və ehtiyatlı siyasətçidir. Azərbaycan üçün böyük xoşbəxtlikdir ki, bu cür mürəkkəb tarixi dövrdə ona bu cür lider rəhbərlik edir, ölkəni 90-cı illərdəki durumuna geri qaytara biləcək hansısa az təhsilli populist deyil.

Azərbaycanı hərbi əməliyyatlara başlamaqda günahlandırırlar. Lakin axı bu hərbi əməliyyatlar başladığı 1988-ci ildən bəri heç başa çatmamışdı. Fərq yalnız onda idi ki, indiki mərhələdə xalqın öz torpaqlarının işğaldan azad edilməsinə, indi və gələcəkdə istənilən erməni təxribatlarına birdəfəlik son qoyulmasına dair  kollektiv iradəsinin həyata keçirilməsi prosesi gedir. Məhz bu təxribatlar indiki kəskinləşmənin fitilini yandırmış oldu. N.Paşinyan özünün yolverilməz hərəkətləri və çıxışları ilə qarşıdurmanın dozasını artırdı və konstruktiv dialoqa olan son ümidləri də puça çıxardı.

 

Təxribatlar arsenalının nə qədər geniş olduğuna dair iki misal. “DQR”in müstəqilliyini “tarixi haqlara” istinad edərək intellektuallar qarşısında əsaslandırmağa çalışan Paşinyanın “məntiqinə” görə Çin və Rusiya Monqolustanın tərkibinə daxil olmalı idi, Avropa İttifaqı isə Roma şəhərinin tərkib hissəsi olmalıydı. Daha geniş auditoriya üçün isə Paşinyanın xanımının Qarabağda əlində Azərbaycana tuşlanmış Rusiya snayper tüfəngi ilə fotosessiya çəkdirməsini misal göstərmək olar.

Belə təəsürat yaranır ki, Ermənistan rəhbərliyi qəsdən köhnə yaraları təzələmək, ona duz basmaq, alçaltmaq və təhqir etmək istəyirdi.  Bütün bunların apofezi isə son ana qədər problemin dinc yolla həllini axtarmağa çalışan İlham Əliyevə 7 bənddən ibarət şərtin irəli sürülməsi oldu.

Azərbaycan xalqının səbri tükəndi. Başlayan hərbi əməliyyatlar 10 milyon vətəndaş üçün əsl vətən müharibəsinə çevrildi. Belə müharibədə isə istənilən dəstəyin önəmi var. Ona görə də Türkiyə (yeri gəlmişkən həm də Minsk Qrupunun üzvüdür) Bakıya dəstək əlini uzadırsa bundan niyə imtina edilməliydi?

Azərbaycan döyüş meydanında qələbəyə öz gücü ilə nail olur. Hansısa ərəb muzdluları və türk təlimatçıları barədə şaiyələr bu qələbəyə kölgə salmağa hesablanıb. Sadəcə indi zaman dəyişib. 1992-1994-cü illərdə Azərbaycan daxili qeyri-stabillik üzündən mürəkkəb vəzyyətdə idi.

Bu gün isə o, yüksək 21-ci əsrin tələblərinə uyğun təlim keçmiş və yüksək texnoloji silaharla silahlanmış orduya malikdir. Onun əsgərləri və zabitləri bütünlüklə xalqın etimadına və dəstəyinə arxalanır. Azərbaycanı regiondakı bütün qonşuları dəstəkləyir: Türkiyə, İran, Gürcüstan. Uzaq xarici ölkələrlə, məsələn, İsraillə də möhkəm əlaqələr var. İstənilən partnyorla intriqa aparmağa pataloji meylli olan Ermənistandan fərqli olaraq.

Rusiyaya gəldikdə isə o, təcili olaraq regiondakı həlledici rolunu özünə qaytarmalıdır. Və buna deklorativ xarakterli addımlarla deyil, real addımarla nail olmaq lazımdır. Moskvada Rusiya tərəfinin vasitəçiliyi ilə oktyabrın 9-dan 10-na keçən gecə razılaşdırılmış humanitar atəşkəsi erməni tərəfi pozdu. Bu da Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasının daha da artmasına özünü göstərdi. Oktyabrın 17-də razılaşdırılmış yeni atəşkəs də işləmir.

Deməli yeni, qeyri-ordinar, sistemli fəaliyyət lazımdır ki, münaqişəni nizamlamaq, Rusiyanın Cənubi Qafqazda real nüfuzunu bərpa etmək mümkün olsun. Yaddan çıxarmaq lazım deyil ki, Rusiyada 5-6 milyona qədər azərbaycanlı və erməni yaşayır. Və müharibə uzansa ölkə daxilində iki diaspor arasında qarşıdurma da istisna deyil.

2009-2011-ci illərdə Rusiyanın təşəbbüsü ilə demək olar ki, danışıqlarda dönüş əldə edilmişdi. O zaman prezident Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan maksimal qarşılıqlı güzəştlərə əsaslanan konsensusa gələ bilmişdilər. Təəsüf ki, razılaşmanın imzalanması baş tutmadı. Daha sonra üzə çıxdı ki, yekun mətnə erməni tərəfi xəbərdarlıq etmədən Azərbaycan üçün qeyri-məqbul əlavələr edib. Və burada xarici işlər naziri, Dağlıq Qarabağın maraqlarını açıq müdafiə edən və onun nümayəndələrini danışıqların iştirakçısı etmək istəyən Sergey Lavrovun müdaxiləsi olmuşdu. Lavrovun Qarabağ nizamlanmasındakı rolu ümumiyyətlə neqativ və qərəzlidir, mən bunu hətta vəzifə cinayəti də adlandırardım. 2005-ci ildə o özü Yerevanda tələbələrlə görüşündə etiraf edib demişdi ki, “mənim damarlarımda erməni qanı axır. Bu qan qətiyyən mənə mane olmur”.

İcazə verin bu sonuncu tezisə şübhə edim. Lavrovun erməni jurnalistlərini yanına dəvət edib onlarla “qədəh arxasında” uzun söhbət etməyə meylli olması hamıya məlumdur. Ona görə də təəcüblü deyil ki, onun hərəkətlərinə etibar yoxdur: atəşin dayandırılmasına dair hər iki son razılaşma pozuluub və danışıqlara müdafiə naziri Sergey Şoyqu qoşulmalı olub. Rəhbəri etnik baxımdan qərəzsiz olmayan nazirliyin rəhbərini bu cür mürəkkəb münaqişədə obyektiv vasitəçi hesab etmək olmaz.

2011-ci ildə Kazan razılaşmasının pozulması Azərbaycanın və Ermənistanın on il vaxt itirməsinə səbəb oldu. Hansı ki, bu vaxtı onlar normal qonşuluq münasibətləri qurmağa sərf edə bilərdilər. İqtisadi terminlərlə itirilmiş gəlir milyardlarla dollardır. Daha çox milyardlar isə silahlanma yarışına getdi, üstəlik Ermənistanın müdafiə xərclərinin bir hissəsinin yükü ənənəvi olaraq Rusiya vergiödəyicililərinin çiyninə düşür. Amma o vaxt hərtərəfli nizamlanmaya dair razılaşma əldə olunsaydı Ermənistan regional infrastruktur layihələrinə, o cümlədən həyati əhəmiyyətli enerji layihələrinə qoşulardı. Deyl Karnegi boş yerə yazmır ki, qonşunun varlı adam olması daha yaxşıdır. Bax elə kasıb Ermənistan üçün də taleyin özü varlı Azərbaycanı qonşu kimi göndərmişdi.

Lakin xoş qonşuluq münasibətləri qurmaq əvəzinə Yerevan müharibə və ilhaq yolunu seçdi. 90-cı illərin əvvəllərində əldə edilmiş uğurlardan başları dumanlanan, özlərinin yaratdığı “Böyük Ermənistan” mifinə inanan ermənilər hesab edirdilər ki, əbədi belə davam edəcək. Lakin hesab vermək vaxtı gəlib çatdı. Təəsüf ki, indi Azərbaycan da, Ermənistan da bunun əvəzini ən baha qiymətlə-əsgərlərin həyatı bahasına ödəyir.  Və bu həm də Rusiya XİN tərəfindən yol verilmiş laqeydliyin və yanlışlığın nəticəsidir.

Paşinyan hələ də inadla həmsədrlərin “5+2” formulunu rədd edir. Hələlik aydın deyil ki, cəbhəəki məğlubiyyət onu nə vaxt ayıldacaq. Hakimiyyətdən bərk-bərk yapışan və öz siyasətinin iflasa uğramasını etiraf etmək istəməyən bu adam bütöv ölkəni quyunun dibinə çəkir. Lakin o,  Rusiyanın aydın və qəti mövqeyini eşitməyə bilməz. Çünki publikaya nə deməyindən asılı olmayaraq hər şey ondan asılıdır. Ancaq Moskva iki ölkə liderlərini öz eqidası altında toplaya, onlar üçün anlaşılan arqumentlər tapa, dəyişən qüvvələr nisbətinə və status-kvoya uyğun, əsasını Azərbaycanın ərazi bütövlüyü təşkil edən yeni sülh razılaşması variantı işləyib hazırlaya bilər.

Bununla bağlı bir məqam maraqlıdır. Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Anatolyeviç Medvedyev Rusiya prezidentinin tam etimadına malikdir, böyük xarici siyasət təcrübəsi var və o cümlədən Qarabağ nizamlanması ilə xeyli məşğul olub. Hesab edirəm ki, Bakı ilə Yerevan arasında vasitəçilik missiyasını tamamilə ona həvalə etmək olar.

Seçkin diplomat və peşəkar hüquqşünas olan Medvedyev hər iki tərəfdən eyni məsafə saxlayır və onların etibarına arxalana bilər.  Prezident Vladimir Putin tərəfindən  potensial qərar qəbul edilərdisə Medvedyev məkik diplomatiyası qura və ideal vasitəçiyə çevrilə bilərdi. Bir vaxtlar Vyetnamda müharibəni başa çatdıran Henri Kissincer və ya Balkan müharibəsinə son qoyan Stroub Telbott kimi.

Mənim xatırlatdığım bu münaqişələrdə ABŞ Moskvanı ikinci plana sıxışdırıb. Cənubi Qafqazda buna yol vermək olmaz. Əgər Rusiya indi öz qəti sözünü deməsə onun prestijinə və nüfuzuna bərpası mümkün olmayan zərər dəyə bilər.

Mən əminəm ki, Azərbaycan itirilmiş ərazilərini geri qaytaranda Qarabağın bərpasına dair dinc quruculuq işləri başlayacaq. Mən xarabalığa çevrilmi bu torpaqların bərpası üçün şəxsən əlimdən gələni etməyə hazıram. O cümlədən Şuşada təsadüfi raket zərbəsindən zərər görən kilsənin bərpasını maliyyələşdirməyə hazıram. Və hökmən dünya musiqisinin beşiyi olan bu şəhərdə musiqi məktəbi tikdirəcəm, hansı ki, bu məktəbdə azərbaycanlı, erməni və digər millətlərdən olan uşaqların birlikdə oxuyacaqlaına inanıram...

 

Xəbərlər