281
Rəylər 2 oktyabr — 01:16

Xocavənd rayonunun işğalından 28 il ötür

Xocavənd rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 28 il ötür.

Virtualaz.org xatırladır ki, Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də işğal olunub.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1 723 yaşayış evi yandırılaraq, əmlakları talan olunub, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib.

İşğalçılar 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidəni dağıdıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək, yararsız hala salınıb.

İşğal nəticəsində rayonun bitki və meşə örtüyünə də külli miqdarda zərər dəyib. Belə ki, Xocavəndin 1 202 ha meşə sahəsindəki qiymətli ağac növləri məhv edilib.

Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla, 145 nəfər şəhid veriblər, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində salınan Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisindəki massivdə yaşayırlar. Rayonun bütün icra strukturları Beyləqan rayonu ərazisindəki 500 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərir. Burada rayon icra hakimiyyəti və digər idarə, müəssisələr üçün inzibati binalar, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi, müasir tipli ATS, Bayraq meydanı, park, müasir tələblərə cavab verən idman zalı inşa edilib.

Bütün bunlara baxmayaraq, xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Onlar 28 ildir ki, yurd həsrəti ilə yaşayır, səbirsizliklə doğma torpaqlarına qayıdacaqları günü gözləyirlər.

Sentyabrın 27-dən başlayaraq Ermənistan  silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun tutarlı cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikalarının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda, ordumuzda böyük ruh yüksəkliyi yaradıb. Bütün xalqımız kimi, xocavəndlilərin də hazırda işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamını artırıb...

Xəbərlər