280
Rəylər 1 oktyabr — 18:04

XİN: Yerevan xarici jurnalistlərdən təbliğat məqsədilə istifadə edir

Ermənistan KİV-ləri işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Fransanın “Le Monde” qəzetinin iki jurnalistinin yaralanması ilə bağlı məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir: “Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına ataraq və beynəlxalq humanitar hüququ kobudcasına pozaraq jurnalistlərin hərbi əməliyyatların getdiyi əraziyə səfərini təşkil edir.

Xatırladırıq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sentyabrın 27-də rəsmi şəkildə bəyan edib ki, Azərbaycan Ordusu mülki əhalini və obyektləri hədəfə almır, işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.

Xarici jurnalistlərin məqsədyönlü şəkildə təhlükəli əraziyə aparılması Ermənistan hökumətinin jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar öhdəliklərinə məhəl qoymadığını və xarici jurnalistlərdən özünün qanunsuz təbliğat məqsədləri üçün istifadə etdiyini açıq şəkildə göstərir.

Tərəfimizdən xarici jurnalistlərə müraciət edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfərlə əlaqədar, ilk növbədə, Azərbaycan tərəfinin razılığının alınmasını ciddi tövsiyə edirik”.

Xəbərlər