250
Rəylər 13 avqust — 11:10

Beyrutdakı partlayışın Livana vurduğu ziyan

Avqustun əvvəlində Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölkəyə dəyən ziyan 15 milyard dollardan çox qiymətləndirilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Livan Prezidenti Mişel Aun İspaniya Kralı VI Filipp ilə telefon danışığında bildirib.

Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, partlayışın Livana vurduğu ziyan 15 milyard dolları ötüb.

İspaniya Kralı Livan xalqına başsağlığı verib və həmrəylik ifadə edib, lazımi köməyi göstərməyə hazır olduğunu bildirib.

Sığorta şirkətləri Beyrut limanındakı partlayışın vurduğu ziyanı ilkin olaraq 3 milyard dollar dəyərində qiymətləndirmişdilər. Şəhərin qubernatoru Maron Abbud isə daha əvvəl Beyrutun yenidən qurulması üçün 12-15 milyard dollar arasında vəsaitin lazım olduğunu bildirmişdi.

Hadisə nəticəsində 4 minə yaxın bina qismən və ya tamamilə dağılıb.

Xatırladaq ki, Beyrut limanında anbarda partlayış 4 avqustda baş verib. Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışa səbəb gömrükçülərin altı il əvvəl müsadirə etdiyi 2,7 min tondan artıq ammonyak selitrının alışması olub. Nəticədə, Livan paytaxtını fəlakət zonası elan edib. Bundan başqa, şəhərdə üçgünlük matəm elan olunub və iki həftə ərzində fövqəladə rejimi tətbiq edilib.

Xəbərlər