383
Rəylər 8 avqust — 10:24

Rusiyanın peyvənd yarışı Qərbi narahat edir

Rusiya COVID-19 peyvəndini təsdiqləyən ilk ölkə olacağını və klinik sınaqları hələ ki, tamamlanmamış peyvəndlərdən oktyabr ayının əvvəlində kütləvi şəkildə istifadə etməyi planlaşdırdığını bildirib. Dünya alimləri isə tələsmənin pis nəticələr verə biləcəyinə görə həyəcan təbili çalır.

Moskva bunu 1957-ci ildə Sovet İttifaqının dünyada ilk olaraq Sputnik peykini fəzaya buraxması kimi bir qələbə olaraq görür. Lakin COVID-19-un onlarla insan üzərində aparıldığı eksperimental peyvəndləri üzərindəki sınaqlar iki aydan az bir müddət əvvəl başlayıb və Rusiyanın qlobal peyvənd yarışına gec girişini və öndə olmasını dəstəkləyən elmi dəlillər yoxdur.

"Mən Rusiyanın tələsərək bəzi addımları almasından narahatam, belə ki, onların ortaya çıxaracağı peyvənd təkcə təsirsiz deyil, həm də təhlükəli ola bilər. Bunu belə etmək olmaz, əvvəlcə sınaqlar olmalıdır. Bu, çox vacibdir” - deyə, Corctaun Universitetinin Qlobal Sağlamlıq Hüququ üzrə mütəxəssisi Lourens Qostin bildirib.

Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin sözlərinə görə, Moskvadakı Qamaleya Tədqiqat İnstitutu tərəfindən hazırlanan peyvənd alimlər 3-cü mərhələdəki tədqiqatı tamamlamadan bir neçə gün əvvəl təsdiqlənə bilər. Eksperimental vaksinin təhlükəsiz olub-olmadığını və həqiqətən nəticə verib-vermədiyini müəyyən etməyin yeganə yolu adətən on minlərlə insanın iştirak etidiyi sınağın üçüncü və son mərhələdən keçməsidir.

Rusiyanın səhiyyə naziri Mixayil Muraşko bu ay peyvəndin tibb işçiləri kimi "risk qrupunda" olan insanlara vurula biləcəyini deyib. Lakin o, həmin insanların peyvənd "şərti olaraq təsdiqləndikdən" sonra başa çatacağı gözlənilən sınağın üçüncü mərhələsində iştirak edib-etməyəcəkləri barədə heç nə deməyib.

Baş nazirin müavini Tatyana Qolikova peyvəndin kütləvi istehsalının sentyabr ayında başlanacağını vəd edib, Muraşko isə peyvənddən kütləvi istifadənin oktyabr ayının əvvəlində başlaya biləcəyini deyib.

Xəbərlər