329
Rəylər 6 avqust — 14:12

Nazirliyin İşçi qrupunun üzvü Sevda Məmmədova yeni “814” Çağrı Mərkəzi haqda

Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən yaradılan İşçi qrupunun üzvü Sevda Məmmədova verdiyi onlayn müsahibəsi zamanı yeni fəaliyyətə başlamış “814” Çağrı Mərkəzi haqqında danışıb.

Virtualaz.org-un məlumatına görə, İşçi qrupunun üzvü ilk növbədə cari ilin iyul ayından etibarən xidmət göstərən yeni Çağrı Mərkəzinin əsas məqsədləri barədə məlumat verib: “Bakı şəhəri üzrə fəaliyyət göstərən “814” Çağrı Mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir”.

S.Məmmədova bundan sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə dəstək məqsədilə yaradılmış “814” Çağrı Mərkəzinin iş günlər və saatlarını açıqlayıb: “Həftənin 6 günü, bazar ertəsindən etibarən şənbə gününədək, səhər saat 8-dən axşam saat 8-dək”.

İşçi qrupunun üzvü müsahibə zamanı “814” Çağrı Mərkəzində 40 nəfər operatorun çalışdığını, iyul ayı ərzində bura 11 000-dən artıq telefon zənginin daxil olduğunu da qeyd edib.

Sevda Məmmədova, həmçinin ağır simptomlu və hərarəti 38-dən yüksək olan xəstələrin 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməli olduqlarını vurğulayıb: ““814” Çağrı Mərkəzi tərəfindən polinklinikalarla əlaqə saxlama yolları və evdə müalicə prosesi ilə bağlı şikayətlər qeydə alınır. Çağrı Mərkəzinə daxil olan zənglər arasında evdə müalicə olunan ağır xəstələrə tibbi xidmətin göstərilməsi ilə bağlı müraciətlər də olur. Bu kimi hallarda vətəndaşlara bildirilir ki, ağır simptomlu, məsələn, 38 və daha yüksək dərəcəli hərarəti olan xəstələr mütləq xəstəxanaya yerləşdirilib, stasionar müalicə almalıdır, çünki onların vəziyyəti dəyişkəndir və hər an ağırlaşa bilər. Beləliklə, ağır simptomlu və yüksək qızdarmalı COVID-19 xəstələri 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidirlər. Daxil olan bütün müraciət və şikayətlər Çağrı Mərkəzi tərəfindən qeydə alınır və İşçi qrupuna yönləndirilir. Müraciət və şikayətin növündən asılı olaraq İşçi qrupunun müvafiq üzvü həmin məsələnin həlli ilə məşgul olur”.

S.Məmmədova musahibəsinin sonunda xüsusi qeyd edib ki, test almaq məqsədilə səyyar tibbi xidmət COVID-19 şübhəsi olan vətəndaşın ünvanına yalnız test etmək zəruriyyəti sahə həkimi tərəfindən təsdiq olunduqdan sonra göndərilir.

Xəbərlər