328
Rəylər 5 avqust — 13:28

Samir Şərifov: Heç kim deyə bilməz ki, pandemiya nə qədər davam edəcək

“Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür”.

Virtualaz.org bildirir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

“Neftlə bağlı vəziyyət aprel-may aylarında daha da gərgin idi, qiymət 13 ABŞ dollarına enmişdi. Prezident İlham Əliyev iqtisadiyyata mənfi təsirlərin azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müəyyən addımlar atıb. Vaxtında qəbul edilmiş qərarlar iqtisadiyyatda baş verəcək mənfi halların qarşısını alıb. Yaranmış sosial-iqtisadi vəziyyətin problemlərindən biri onun qeyri-müəyyənliyidir. Bu gün dünyada heç kim deyə bilməz ki, xəstəlik nə qədər davam edəcək. Məhz bunları nəzərə alaraq çevik maliyyə buferləri yaradılmalıdır ki, hər hansı yarana biləcək təhdidlərin qarşısı alınsın”, - o deyib.

Maliyyə naziri həmçinin bildirib ki, dövlət hazırda sərəncamında olan bütün ehtiyatlardan istifadə edir: “O cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əvvəlki illərdən qalma ehtiyatlarından da istifadə olunur. Bu da onu göstərir ki, ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi siyasət lazımı ehtiyatların yaranmasını təmin edir. Biz başqa dövlətlərdən fərqli olaraq kredit almaq üçün müraciət etmirik. Bu ehtiyatlar da düzgün idarə olunur”.

Xəbərlər