343
Rəylər 1 avqust — 15:34

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində deyib.

“Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədi ərazisinin Tovuz bölgəsində baş verən eskalasiya erməni təxribatının nəticəsi idi. Bu hərbi avantürası ilə rəsmi İrəvan qarşıya bir sıra məqsədlər qoydu. Onları şərti olaraq daxili və xarici məqsədlərə bölmək olar”,- deyə H.Hacıyev bildirib.

Onun sözlərinə görə, daxilə yönəlmiş məqsəd Ermənistandakı çətin siyasi və sosial-iqtisadi, həmçinin COVID-19 ilə bağlı acınacaqlı vəziyyət fonunda pisləşən durumdur: "Bildiyiniz kimi, 2018-ci ildə Paşinyan Ermənistan xalqına verdiyi populist vədlər dalğasında hakimiyyətə gəldi. Lakin zaman göstərdi ki, onun hökuməti bu vədləri yerinə yetirmək, ölkədə həyatı yaxşılığa doğru dəyişmək iqtidarında deyil. COVID-19 ilə bağlı vəziyyət Ermənistan hökumətinin səmərəsizliyini əyani şəkildə göstərdi. Buna görə artan çətinliklər fonunda Paşinyan hökuməti əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışdı".

H.Hacıyev xarici səbəblər arasında Azərbaycanın beynəlxalq aləmdəki böyük uğurlarını qeyd edib: "Beynəlxalq mövqelərimizi gücləndirməyimiz, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünə dəstək Ermənistanda qısqanclıq yaradır. Bu fonda, dağıdıcı siyasət yürüdən, Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan yeni bir gərginlik ocağı yaratmaqla, beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağdakı və digər işğal olunmuş ərazilərdəki vəziyyətdən yayındırmağa çalışır, lakin bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhəddində”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu cür təxribatlarla rəsmi İrəvan Azərbaycanın guya Ermənistan ərazisinə hücumlar etdiyi və üzvü olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməklə bağlı rəy yaratmağa çalışır: “Bundan əlavə, Ermənistanın hədəfləri arasında neft və qaz boru kəmərləri, "Şərq-Qərb" kimi strateji beynəlxalq layihələrə təhlükə yaratmaq var idi. Əminliklə deyə bilərik ki, Ermənistan məqsədlərinə çatmadı və təxribatı tam fiaskoya çevrildi".

PA rəsmisi, həmçinin deyib ki, döyüşə ilk başlayan Ermənistan silahlı qüvvələri idi. İyulun 12-də artilleriyalarından istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə hücum etdilər. Bu hücum cavab atəşi ilə dəf edildi: “Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi planı və hədəfi yoxdur. Demilitarizasiya məqsədi ilə Ermənistanla sərhədin bu hissəsinin qorunması Azərbaycanın Sərhəd Qoşunlarına tapşırılıb. Azərbaycan-Ermənistan dövlət sərhədində eskalasiya Azərbaycanın maraqlarına cavab vermir. Əksinə, qeyd etdiyim kimi, bu sektorda gərginlik ocağının yaranması Ermənistanın maraqlarına uyğundur".

H.Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Bakı ilə İrəvan arasında xüsusi rabitə xəttinin yaradıldığı və bunun vasitəsilə lazım gələrsə, yaranmış silahlı insidenti həll etmək üçün Azərbaycan rəhbəri ilə əlaqə saxlana biləcəyinə dair fikirlərinə də aydınlıq gətirib: “Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında belə bir əlaqə kanalı yoxdur. İki ölkənin səlahiyyətli nümayəndələri arasında müəyyən bir rabitə kanalı var. Təcrübə göstərdi ki, Ermənistanla əlaqəli amillər, xüsusən də İrəvanda daimi kadr sıçrayışı nəticəsində bu rabitə kanalı praktiki olaraq təsirsizdir. Əslində əlaqə saxlayacaq heç kim yoxdur. Bu, bir daha erməni tərəfinin hərəkətlərində səmimi olmadığını sübut edir”.

Prezident köməkçisi əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının prinsipləri çoxdan məlumdur: "Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbu etdiyi dörd qətnamə, Helsinki Yekun aktı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Digər həll yolu yoxdur və ola da bilməz. Bu prinsipləri əsas tutaraq mərhələli nizamlama prosesində Ermənistan öz işğalçı qüvvələrini Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmaları üçün şərait yaratmalıdır".

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik nizamlanması məsələsinə sadiq qalmaqdadır: "Amma danışıqlar xətrinə danışıqlar qəbuledilməzdir. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan ərazilərinin azad edilmısi məsələsinin məqsədilə predmet danışıqları lazımdır. Azərbaycan bu danışıqlar prosesində Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılması və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasında təkid edir. Öz növbəsində, beynəlxalq ictimaiyyət Ermənstana təcavüzkar ölkə olaraq açıq şəkildə bildirib ki, güc yolu ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Sonda bir daha Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında səsləndirdiyi mövqeyi təkrar etmək istəyirəm: "Qarabağ Azərbaycandır və nida işarəsi!"".

Xəbərlər