659
Rəylər 2 iyul — 12:42

Jurnalistin ölümqabağı müraciəti

Sosial şəbəkələrdə AzTV-nin əməkdaşı Samir Nəcəfzadə tərəfindən ölümündən az əvvəl göndərilən səsyazısı yayılıb.

Virtualaz.org-un dünən xəbər verdiyi kimi, AzTV-nin ictimai-siyasi və analitik proqramlar şöbəsinin müdiri Samir Nəcəfzadə koronavirusdan dünyasını dəyişib.

S. Nəcəfzadə ölümündən əvvəl ailəsinə səsyazısı göndərib, müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Tualet yoxdur, heç əl yumağa yer də yoxdur”.

Bundan başqa, həmin səsyazısında Samirin səsindən əlavə, fonda digər pasiyentlərin də öskürək, boğulma səsləri eşidilir.

Samir Nəcəfzadə özünün boğulduğunu və oksigen maskası olmadan nəfəs ala bilmədiyini söyləyib. Və bir neçə gündən sonra gənc həyatını itirib.

Jurnalistlər dəqiqləşdiriblər ki, S. Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”da) müalicə alıb. Qeyd edək ki, əvvəllər bu xəstəxanadakı dəhşətli vəziyyətdən digər xəstələr də şikayətləniblər.

Xəbərlər