373
Rəylər 29 may — 19:36

Erməni politoloq: "Maska Paşinyan hakimiyyətinin dördüncü simvoluna çevrilir"

“Sabiq prezident Robert Koçaryanın həbsi, siqaret qaçaqmalçılığı, kassa çeklərindən sonra maska Paşinyan hakimiyyətinin dördüncü simvoluna çevrilir”.

Azvision.az bildirir ki, bunu erməni politoloq Aqasi Yenokyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu dörd simvolun ölkənin inkişafı ilə heç bir əlaqəsi yoxdur, ancaq o zaman kassa qəbzlərinin rolu şişirdildiyi kimi, indi də baş nazirin maska taxmaqla yoluxmaların sayının sıfıra endirə biləcəyinə dair açıqlaması da daxil olmaqla, maskaların rolu həddən artıq qiymətləndirilir.

“Kassa qəbzləri ilə maskalar arasında vacib paralellər var. Hər iki halda, problemlər məlum olur - birinci halda iqtisadiyyatda, digər halda isə səhiyyə sahəsində. Hər iki halda hakimiyyətin cəhdləri problemi məntiqi şəkildə həll etməkdən daha çox səs-küy salmağa yönəlmişdir. Hətta təsadüfi pozuntular olduqda belə.

Məsələn, Nikol Paşinyanın Arşak Zakaryanın restoranında nahar etdikdən sonra kassa qəbzi verilmədiyi üçün saldığı səs-küyü, həyat yoldaşlarının eyni avtomobildə olduqları zaman maska taxmağa məcbur edilmələrini müqayisə edə bilərsiniz.

Ən başlıcası budur ki, hər iki halda pis nəticəyə görə məsuliyyət "əziz xalqın” üzərinə düşür. Yəni baş nazirimiz, sizin üçün hər şeyi edir, ancaq qəbz tələb etmədiyinizə, maska taxmadığınıza görə pis yaşayacaqsınız, xəstələnəcəksiniz və öləcəksiniz.

Əlbəttə ki, bu, Nikol Paşinyanın sevimli işi üçün geniş bir sahə açır - günahkar axtarmaq və tapmaq, başqalarını qınamaq, təhqir etmək. Bu mənada kassa qəbzi və maska hakimiyyətin ən sevimli vasitələridir, hər şeyə görə isə məsuliyyət xalqın üzərinə düşür", - deyə politoloq yazıb.

O əlavə edib ki, bundan da pisi Nyutonun üçüncü qanunudur ki, bu, ictimai münasibətlərdə də tətbiq olunur.

"Nikol Paşinyan xalqı qaralara və ağlara ayırdığı üçün yalnız ağlar onun göstərişlərinə tabe olurlar, qaralar isə deyirlər ki, bu kassa qəbzini Nikola verin.

Və burada istək təkcə Nikol Paşinyana qarşı çıxmaq deyil. Vətəndaşlar görürlər ki, kassa qəbzləri uğrunda mübarizə, onlara lağ etmə halına gəlib və bu, iqtisadiyyatda heç nəyi dəyişmir.

Maskalarla bağlı da eyni vəziyyətdir, insanlar Paşinyanın tez-tez yalan danışdığını, sözünə əməl etmədyini artıq başa düşdülər. Səbəb həm də onun və rəhbərlik etdiyi hökumətin digər üzvlərinin absurd, hətta axmaq ifadələridir. Hüquq-mühafizə orqanlarının əməkdaşları maskalardan istifadəyə nəzarət etmək əvəzinə, “ova”çıxırlar, vətəndaş maskasını çıxardığı anda onu tuturlar. Səbəb həm də maskaların istehsalı, satışı və qiymətləri ilə bağlı ciddi şübhələrdir", - deyə erməni politoloq Paşinyan hökumətini tənqid edib.

Xəbərlər