692
Rəylər 9 may — 10:10

Hitler Almaniyası niyə iki dəfə təslim olub?

1945-ci il mayın 7-də Fransanın Reyms şəhərində Almaniya qeyd-şərtsiz olaraq Müttəfiqlərə təslim olub və bununla da II Dünya Müharibəsi başa çatıb.

Bəs onda 9 may necə olsun?

“National Geographic” yazır ki, əslində hər iki tarix məqbuldur. Sadəcə olaraq Müttəfiqlər arasında ideoloji fərqlər və I Dünya Müharibəsinin irsi Almaniyanı iki dəfə təslim olmağa məcbur edib. Müttəfiqlərin bu müharibədə qəlib gələcəyi artıq 1944 və 1945-ci illərdə bəlli idi. Lakin ABŞ, SSRİ, Fransa və Britaniya Almaniyanın necə təslim olacağı barədə düşünürdülər.

Feldmarşal Keytel təslim Aktını imzalayır

Aprelin 30-da Adolf Hitlerin öz bunkerində intiharından sonra Almaniyanın siyasi və hərbi baxımdan təslim aktını necə imzalayacağı ətrafında qeyri-müəyyənlik yaranmışdı. Hitler özünün donanma admiralı və qatı nasist Karl Dönitzi hələ ölümündən əvvəl öz varisi elan etmişdi.

Amma Dönitzə yeni Almaniyaya rəhbərlik yox, onun parçalanmasına şahidlik etmək qismət olacaqdı. O çox tez bir zamanda silahlı qüvvələrin baş qərargah rəisi Alfred Jodlu Almaniyanın təslim şərtləri barədə danışıqlar aparmaq üçün ABŞ qüvvələrinin komandanı general Duayt Eyzenhauerlə görüşə göndərmişdi. Dönitz ümid edirdi ki, bu danışıqlar əhalinin və ordunun mümkün qədər çox hissəsini sovet hücumundan xilas etməyə imkan verəcək.

O hətta ümid edirdi ki, Birləşmiş Ştatları, Britaniya və Fransanı etibar etmədikləri Sovet İttifaqına qarşı qoya biləcək. Dönitz düşünürdü ki, Qərb Müttəfiqləri razı olsalar, Almaniya Sovet İttifaqına qarşı müharibəni davam etdirə bilərdi. Eyzenhauer bu təklifdəki fəndi duymuş və Jodlun təslim aktını qeyd-şərtsiz imzalamasında israr etmişdi.

General Jodl müttəfiqlərlə təslim Aktına imza atarkən

Jodl mayın 7-də “Hərbi təslim aktını” və saat 11:01-dən qüvvədə olacaq atəşkəs razılaşmasını imzalamışdı. Bu, Mərkəzi Avropa vaxtı ilə artıq mayın 8-i olurdu.

Stalin Almaniyanın Müttəfiqlərlə Reymsdə qeyd-şərtsiz təslim aktı imzalamasından bərk qəzəblənmişdi. O deyirdi ki, bu müharibədə ən ağır insan və hərbi itkini SSRİ verdiyindən Almaniya ilə təslim aktının imzalanmasında da onun sadəcə hərbi nümayəndəsi yox, komandanı iştirak etməli idi. Stalin təslim aktının imzalandığı məkana da etiraz edirdi. O tələb edirdi ki, təslim aktı Üçüncü Reyxin paytaxtı Berlində imzalansın.

Lakin Müttəfiqləri ən çox inandıran Stalinin üçüncü arqumenti idi. O Jodlun Almaniya qoşunlarının baş komandanı olmadığını bildirirdi. Müttəfiqlər artıq bir dəfə, I Dünya Müharibəsinin təslim aktını ikinci dərəcəli almanla imzalamaqla səhvə yol vermişdilər və əslində II Dünya Müharibəsinə yol açan məqamlardan biri də bu olmuşdu.

1918-ci ildə məğlubiyyətlə eyni zamanda Almaniya İmperiyası çökmüş və parlament respublikası ilə əvəz edilmişdi. Matthias Erzberger yeni dövlətin kansleri kimi təslim aktını imzalamışdı.Lakin bu təslim aktı əksər almanları sarsıtmışdı. Onlara verilən məlumatlarda Almaniya ordusunun qələbənin astanasında olduğu deyilirdi.

Bunun nəticəsində Almaniyanın yeni hökumətinin “satqınlığı” ətrafında şayiələr yaranmışdı.Marksistlər və yəhudilər Almaniya ordusunu arxadan vurmaqda ittiham olunurdular.

Erzberger bu kimi uydurmalar nəticəsində qətlə yetirilmişdi. O Nasist Partiyasının hakimiyyətə yüksəlişində əsas maneə idi.

Stalin bildirirdi ki, təslim aktının Jodlla imzalanması buna bənzər nəticəyə səbəb ola bilər. Beləki onu göndərən əslində mülki hökumətə rəhbərlik edən Dönitz idi. Beləliklə Müttəfiqlər qərara gəlmişdilər ki, feldmarşal Wilhelm Keiteldən başqa hər hansı bir şəxslə imzalanmış təslim aktı lazımi legitimliyə malik olmayacaq.

Mayın 8-də Keitel sovet marşalı Georgi Jukovla və Müttəfiqlərin kiçik bir nümayəndə heyəti ilə təslim sənədini imzalamaq üçün Berlin yaxınlığındakı Karlşorst qəsəbəsinə yollanmışdı. Lakin Keytel razılaşmaya kiçik bir düzəlişin edilməsini istəyirdi. O deyirdi ki, bütün alman əsgərlərin atəşkəsdən xəbər tutması üçün 12 saat vaxt lazımdır.

Zhukov nəhayət Keytelə zabit sözü vermiş, amma belə bir bəndin razılaşmaya əlavə edilməsinə qarşı çıxmışdı. Lakin bütün hallarda bu ləngimə sənədin mayın 9-da imzalanmasına səbəb oldu.Məhz buna görə də rusiyalılar Qələbə Gününü mayın 9-da qeyd edirlər.

Reymsdəki təslim aktının sovet mətbuatında heç adı da çəkilmirdi. Buna görə də bəzi şərhçilər deyirdilər ki, daha bir təslim aktı Stalinə bu qələbədə Sovet İttifaqının rolunu təbliğ etmək üçün lazım idi. Bu səbəbdən də Rusiyadan başqa bütün dünya Qələbə Gününü mayın 8-də qeyd edir.

Virtualaz.org

Xəbərlər