651
Rəylər 9 aprel — 13:49

İtaliya: koronavirusdan yox, koronavirusa görə ölmək

Nikolay Voronin 

BBC-nin elmi məsələlər üzrə müxbiri

Martın 31-nə olan məlumata görə, İtaliyada "Covid-19" xəstəliyinə yoluxanların sayı 139 mini, ölənlərin sayı isə 17,5 min nəfəri keçib.

Ancaq ölənlərlə bağlı statistikanı dəqiqləşdirmək praktiki olaraq mümkün deyil.

Bəziləri iddia edirlər ki, real say rəsmi rəqəmlərdən 3-4 dəfə çoxdur, çünki virusa yoluxmuş minlərlə insan test edilmədən və diaqnoz qoyulmadan öz evində vəfat edir.

Digərləri isə əksinə, ölüm sayının bir neçə dəfə şişirdildiyini bildirirlər, çünki test nəticələri müsbət çıxmış və xəstəxanada vəfat etmiş bütün pasientlər koronavirus qurbanı kimi qeydə alınır, halbuki onların ölüm səbəbi virus olmaya bilər.

Bəzi hesablamalara görə, "Covid-19"-a yoluxanların ancaq hər səkkiz nəfərindən biri "rəsmən" virusa görə ölür.

Hər iki baxış bucağı ekspert rəyləri və statistik məlumatlarla möhkəmləndirilib. Necə deyərlər, hər ikisinin yeri var.

Yaxşı, bəs, epidemiya qurbanlarının real sayını necə müəyyənləşdirmək olar?


Statistika və reallıq

Nembro - Lombardiyanın Berqamo əyalətində yerləşən, epidemiyadan ən çox zərər görmüş kiçik şəhər.

Nembro Milanın şimal-şərqində, ondan 60 km məsafədə yerləşir, təxminən 11,5 min əhalisi var. Ötən həftənin sonuna olan rəsmi məlumata görə, şəhərdə epidemiyadan ölənlərin sayı 31 nəfərdir.

Bu, Nembro üçün çox böyük rəqəmdir. Şəhər meri Kaludio Kançellinin sözlərinə görə, əvvəlki illərin yanvar-mart aylarında burda, adətən, 35-40 nəfər ölürmüş.

Ancaq bu ilin tam bitməmiş üç ayı ərzində (martın 24-nə qədər) vətəndaşlara 158 ölüm şəhadətnaməsi verilib.

Bu, ötən beş ilin eyni dövrü ilə müqayisədə 123 nəfər və ya 4 dəfə çoxdur.


Hətta bütün 2019-cu il ərzindəki ölüm (120) sayından da çoxdur.

Belə böyük fərqdən heyrətə gələn Klaudio Kançelli qonşu şəhərlərlə bağlı statistikanı araşdırıb və daha acınacaqlı faktlarla üzləşib.

Çernusko-sul-Navilyo (33 min nəfər) və Pezaro (95 min nəfər) şəhərlərində yanvar-mart aylarında vəfat edənlərin sayı koronavirusdan ölənlərlə bağlı rəsmi statistikanın göstəricilərindən 5-6 dəfə çoxdur.

Berqamo vilayətinin paytaxtı Berqamo (122 min) şəhərində 1-24 mart aralığında 446 nəfər dünyasını dəyişib - bu, son beş ildə ölənlərin sayından orta hesabla 4,5 dəfə çoxdur.

Həmin dövrə aid rəsmi statistikada isə bu say 136 göstərilib. Beləliklə, məlum olub ki, şəhərdə real ölüm sayı göstəriləndən 3,5 dəfə çoxdur.

Hətta ilin əvvəlindən etibarən vəfat edənlərin orta sayını (98) "Covid-19"diaqnozlu ölüm saylarının üstünə gəldikdə belə, real statistikadan iki dəfə az nəticə alınır.

Belə böyük fərqi yaradan nədir?

Əlaqəli itkilər

Rəqəmlər arasındakı bu dərəcədə böyük fərqi yalnız test problemiylə izah etmək mümkün deyil. Görünən odur ki, istənilən genişmiqyaslı epidemiya təkcə birbaşa yox, həm də dolayı yolla öldürür.

Səhiyyə sistemi elə sürətlə yüklənir ki, ağır xəstələrin durmadan artan sayı qarşısında aciz qalır.

Bu gün İtaliya xəstəxanalarının reanimasiyalarına yerləşdirilmək üçün gözləmə müddəti orta hesabla 3 saatdır. Bu müddət ərzində xəstənin kədərli statistikanı artırmaq "şansı" xeyli çoxdur: fərq eləməz səbəb nə olacaq - virus, bakterial pnevmoniya, böyrək daşı, yoxsa ürək tutması.


Buna paralel olaraq xəstəxanalarda həkimlərin sayının azalması prosesi gedir. Genişmiqyaslı epidemiya şəraitində əlavə itkilərə gətirib çıxaran səbəblərdən biri də budur.

Rəsmi statistikaya görə, epidemiya başlayan gündən bəri İtaliyada 40-dan çox həkim həlak olub. Beş mindən çox həkimə, tibb bacısına, təcili yardım xidməti əməkdaşına və digər səhiyyə işçisinə "Covid-19" diaqnozu qoyulub. Onlar ya karantinə getməli, ya da özləri müalicə almalı olublar. Bu vəziyyət müalicə şansı olan neçə pasientin ölümünə səbəb olub?

Xüsusilə də nəzərə alsaq ki, İtaliyada yaşlı insanların sayı olduqca çoxdur: ölkənin, demək olar ki, hər 4 vətəndaşından biri 65+ yaş qrupundadır.

Belə durumda koronavirusdan ölənlərin yox, koronavirusa görə ölənlərin neçə nəfər olduğunu sorğulamaq yerinə düşər.


Yaxın zamanlarda bu sualın cavabı bəlli olacaq. İtaliyanın ən böyük analiz mərkəzi olan "In.Twig" agentliyi Berqamonun bütün 243 bələdiyyəsi üzrə son 5 ilə aid ölüm statistikasını toplamağa və araşdırmağa başlayıb - nəticələri bu ilin rəqəmləriylə müqayisə etmək və ölkədəki humanitar fəalkətin miqyasını qiymətləndirmək üçün.

"Elmi üsullarla analiz edilmiş məlumatlar (əyalət sakinlərinin təxminən yarısına aid) hələ ki, Berqamo şəhərlərinin merlərinə aid sensasion açıqlamaları təsdiqləyir" - Berqamo Universitetində (sosialogiyanın rəqəmsal üsulları kafedrasında) işləyən professor Aldo Kristadoro martın 31-də "L'Eco di Bergamo" qəzetinə müsahibəsində belə deyib.

Xəbərlər