1990
Rəylər 24 mart — 22:02

“Daha sərt tədbirlər olmasa, vəziyyət tam dəyişə bilər"

"Hər kəs artıq xəstəlik və onun mənbəyi haqqında məlumatlıdır. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiya halını almamışdan qabaq epidemiyanın alovlanmasının qarşısı vaxtında alındı".

Virtualaz.org bildirir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də "Hədəf" verilişində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ciddi nəzarət olmasa, gigiyenik normalara riayət olunmasa, xəstəliyə yoluxma halları arta, xəstələrin sayı on minlərə çata bilər: “Bu, yeni bir infeksiya olduğu üçün əksər ölkələrdə xəstəliyi müəyyən etmək üçün testlər yox idi. Lakin Azərbaycan qısa müddətdə qardaş ölkə Türkiyə vasitəsilə həmin testləri əldə etdi və yoxlamalar nəticəsində virusa yoluxma hallarını tez aşkarlayaraq qabaqlayıcı tədbirlər gördü”.

O.Şirəliyev bildirib ki, bu günə qədər koronavirusla bağlı 10 minə qədər laborator test edilib. Xaricdən gələnlər hamısı həkim nəzarətindədir.

O, qeyd edib ki, başqa xəstəliklər ləğv edilməyib: "İnsanlar bütün hallarda həkimə müraciət edə bilərlər".

Nazirin sözlərinə görə, bu gün ölkədə heç bir qıtlıq müşahidə olunmur: "Azərbaycana nə lazımdırsa ölkəyə gətirilir. Bu da ciddi nəzarət altında həyata keçirilir".

O.Şirəliyev vurğulayıb ki, laboratoriyalar tam gücü ilə işləyir. Onlar nəinki Bakıda, hər yerdə var. Ölkədə çox savadlı kadrlar var. Eyni zamanda maddi və texniki imkanlar yüksək səviyyədədir. Ən əsas odur ki, insanlar öz ətraflarını və ümumilikdə xalqı qorumalıdırlar: “Sosial məsuliyyət mütləq vacibdir”.

Nazir bildirib ki, bütün qurumlar mövcud vəziyyətdən xəbərdardırlar. Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın: “Xüsusi həkim briqadaları da yaradılıb. Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın".

Virtualaz.org

Xəbərlər