368
Rəylər 28 yanvar — 17:45

AZAL: Koronavirusa yoluxmuş sərnişinlər olan təyyarələr üçün karantin meydançaları hazırlanıb

Yoluxucu xəstəliklərin ortaya çıxması səbəbindən və virusun yayılma riskinin minimuma endirilməsi məqsədilə “Azərbaycan Hava Yolları”nın rəhbərliyi tədbirlər planı imzalayıb. Bu barədə virtualaz.org-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, sənəd hava gəmilərinin müvafiq profilaktika komplektləri ilə təchizini və hava gəmisinin heyətinin təyyarədə virusa yoluxmuş sərnişinin olmasından şübhələndiyi təqdirdə necə davranmalı olduqları haqda təlimlərin keçirilməsini nəzərdə tutur. Azərbaycanın beynəlxalq hava limanlarında göyərtəsində koronavirus infeksiyalı sərnişinin olduğu güman edilən təyyarələr üçün karantin meydançaları hazırlanıb.

“Bundan əlavə, hava limanlarında Azərbaycan gömrük orqanları tərəfindən müvafiq işlər görülür və Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış məntəqələrində nəzarət gücləndirilib. Öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının iltihabı kimi simptomları olan insanların müəyyən edilməsi üçün termometriya, tibbi müayinə, vizual müayinə və digər diaqnostik metodlardan, həmçinin teplovizorlardan (insan bədəninin hərarətini məsafədən müəyyən edən cihaz) istifadə gücləndirilmiş rejimdə aparılır”, - məlumatda qeyd olunur.

Mövcud epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər. Qeyd olunur ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət oluna, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı və yaxud saytdakı əks əlaqə forması vasitəsilə əlaqə saxlamaq mümkündür.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər