497
Rəylər 20 yanvar — 20:46

Polad Bülbüloğlu: Azərbaycan 20 Yanvar hadisəsini bugünkü Rusiya ilə əlaqələndirmir

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Virtualaz.org-un məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 20 Yanvar faciəsinin tarixi haqqında məlumat verib.

Bildirib ki, 30 il bundan öncə ölkə üzərində siyasi nəzarətini itirən Sovetlər İttifaqı rəhbərliyi Azərbaycan paytaxtında dinc əhali üzərində misli görünməmiş qisas əməliyyatı həyata keçirib: ”20 yanvar gecəsi Sovet ordusunun bəlli olmayan bölmələri Bakıya yeridildi. Hərbi kontingent beynəlxalq konvesniya ilə qadağan olunmuş güllələrdən istifadə etdi. İnsanları tankla və digər ağır texnika ilə əzərək üstündən keçdilər. Hətta təcili tibbi yardım maşını tankın altında qalmışdı, həkimlər həlak olmuşdular".

Səfir 20 yanvar gecəsini qorxulu Varfolomey gecəsi adlandıraraq dinc insanlara odlu silahdan atəş açıldığını xatırladıb: “Bəzən deyirlər ki, respublikada sovet hakimiyyəti əleyhinə müəyyən cərəyanlar olub. Amma mən vurğulamaq istərdim ki, həmin gecə bir nəfər də siyasətçi zərər çəkmədi. Dinc insanlar, müxtəlif millətlərin nümayəndələri, o cümlədən qadınlar, uşaqlar, qocalar zərər çəkdi. İnsanların hansı prinsiplərə görə məhv edildiyini əsla başa düşmək olmur”.

Səfir o dəhşətli gecədə təpədən-dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan dinc Azərbaycan sakinlərinin müasir müstəqil Azərbaycan dövləti naminə canlarından keçdiklərini vurğulayaraq deyib: “Respublikanın o vaxtkı rəhbərlərindən fərqli olaraq, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev baş vermiş faciənin ertəsi günü – 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə öz həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, burada özünün məşhur nitqini söylədi, Sovet İttifaqının ali rəhbərliyinin Bakıya qoşun yeridilməsi qərarını qanunazidd və antidemokratik qərar adlandırdı, faciədə əli olanların hamısının layiqli cəzalandırılmasını tələb etməklə, hadisələrə ilk siyasi qiyməti verdi. Bu cəsarətli addım indi bizim sizinlə olduğumuz bu binada atılıb və burada Azərbaycan xalqının Ümumxalq Liderinin barelyefinin qoyulması onun bu qəhrəmanlığını daim xatırladacaq”.

Diplomat qeyd edib ki, uzun illər bu ağır cinayətin səbəblərinin araşdırılması istiqamətində məqsədyönlü iş aparılmayıb. Məhz ümummilli lider Heydər Əliyevin dövlətin rəhbərliyinə qayıdışından sonra ilk dəfə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. O vaxtdan etibarən bu Qanlı Yanvar günü Ümumxalq Hüzn Günü elan edilib.

P.Bülbüloğlu çıxışında anım tədbirində iştirak edən səfirlərə, Dövlət Dumasının deputatlarına, Rusiyanın tanınmış adamlarına təşəkkürünü bildirib: “Azərbaycan heç bir halda bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmir. Bu, Sovetlər İttifaqında baş verib, bu qərar Sovetlər İttifaqının rəhbərliyi, Qorbaçov tərəfindən qəbul olunub. Bu cinayət heç vaxt unudulmayacaq”.

Anım məraismində Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin postsovet ölkələrini tədqiq edən Mərkəzin direktoru Stanislav Çernyavski, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tanınmış tarixçi alim Yefim Pivovar, "Valday" Diskussiya klubunun eksperti Fərhad İbrahimov 20 yanvar faciəsinin tarixi nəticələrindən, dünya ictimaiyyətinin bu hadisəyə yanaşmasından, müasir dövrdə Rusiya-Azərbaycan münasibətlərindən danışıblar.

Tədbir 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş musiqili-kompozisiya ilə başa çatıb.

Xəbərlər