255
Rəylər 3 dekabr — 18:30

İran dövləti interneti bağlamaqla özünə gündə 375 milyon dollar ziyan vurub

“Amnesty International” təşkilatının bildirdiyinə görə, İranda noyabrın 15-də başlanan kütləvi etirazlar zamanı əksəriyyəti məmurların açdığı atəş nəticəsində olmaqla, azı 208 nəfər öldürülüb. Və İran hakimiyyəti internet bağlantısını qapadaraq bu cinayətləri gizlətməyə çalışıb.

Milli fəal Elyar Makuyi “Amerikanın Səsi” ilə söhbətdə İranda baş verənlərlə bağlı xəbər əldə etməyin keçmişə nəzərən olduqca çətinləşdiyini şərh edib.

“İnternetin kəsildiyi günlərdə təəssüflə xəbər axışı keçmişdəki kimi olmadı. Təbii ki, telefon vasitəsilə bir sıra bilgiləri əldə edirdik, amma bu bilgilər bizə ümumi olaraq ölkənin durumunu açıqlaya bilmirdi»,-o deyir.

Makuyinin dediklərinə görə, İran interneti kəsdiyi günlərdə milli internet adlandırdığı şəbəkəni açıq tutmuşdu və serverləri İranda olan saytlar və xəbər agentlikləri çalışmaqdaydı: “Onların yaydığı xəbərlərin 50 faizdən çoxu yalan xəbərlər idi. Amma bir az da əhalinin etimadını qazanmağa çalışırdılar və o xəbərlərdə etiraf edirlər ki, etirazlar ilk 5 gündə şiddətlə davam edib.”

Elyar Makuyi İran Azərbaycanında etiraz aksiyalarının daha çox Urmiyə və Təbrizdə təşkil olunduğunu önə çəkir: “Güney Azərbaycanın şəhərlərində etirazlar ən çox ilk iki-üç gündə oldu. Kiçik şəhərlərdə, məsələn Xoyda, rejim məmurları elə ilk gündə dərhal vurub bəzi dostları nəzarət altına alıb, basdırmağa çalışmışdı. Ancaq böyük şəhərlərimizdə davam etdirildi. Ən çox etiraz Təbriz və Urmiyədə oldu.”

Makuyi xatırladıb ki, 2018 yanvar ayındakı aksiyalarda İran hakimiyyəti Telegramı qapatdı. İnstagramın sürətini azaltdı : «Ancaq, biz Gmail ya başqa platformalar vasitəsilə irtibatda ola bilirdik. Yəni, ölkənin dünya ilə internet bağını qapatmamışdılar. Bu dəfə qapatdılar və artıq ‘milli internet’ dedikləri xaricində heç bir internet yox idi. İnternet vasitəsilə içərindən heç bir xəbər alıb, verə bilməzdiniz.”

Milli fəal hesab edir ki, internet bağlantısını bütünlüklə bloklamaq bundan sonra İran dövləti üçün asan olmayacaq.

“İran rəsmilərinin bildirdiyinə görə, internetin qapadıldığı günlərdə hər gün 375 milyon dollar dövlətə ziyan vurulub. Bu öz dedikləridir. Bir də telekommunikasiya sistemlərində problemlər çıxmış... Bunlar bu zərərlərlə qarşılaşacaqlarını düşünməmişdilər. Düşünün ki, bunlar benzindən gələcək olan pulu bir həftədə itirdilər. Bu problemləri gözləmirdilər. Bundan sonra bunu gözə alacaqlarını düşünmürəm. Amma nəticədə biz orada yaşamışıq. Ora İranddır. Şəriət və ideologiya hakimiyyətidir və son ana qədər başqalarını öldürməli də olsa özünü saxlamağa çalışacaqdır,” deyə Elyar Makuyi əlavə edib.

Xəbərlər