241
Rəylər 3 dekabr — 17:28

NATO 70 illik yubileyini niyə sevinclə qarşılamır?

70 illik yubileyi qeyd etməyə dəyər, amma üzv ölkə liderlərinin bugünkü görüşündən əvvəl NATO-da qəribə bir səssizlik hökm sürür.

İttifaqın sözçüsü İngiltərədə iki gün davam edəcək toplantının "zirvə görüşü" adlandırılmasını düzgün hesab etmir, bunun nisbətən aşağı səviyyəli tədbir olduğunu, daha geniş miqyaslı zirvə görüşünün keçən il keçirildiyini, toplantıdan sonra gələcəklə bağlı ənənəvi, geniş bir məlumatın açıqlanmayacağını deyir.

Bu səssizliyin səbəb nədir? Axı, bir çox NATO tərəfdarının bəzi məqamlara görə haqlı olaraq qeyd etdiyi kimi, bu qurum tarixdəki ən uğurlu hərbi ittifaqdır.

NATO 1949-cu ildə, üzvlərinin ortaq müdafiəsini təmin etmək üçün, ABŞ-ın təhlükəsizliyini avropalı müttəfiqləriylə əlaqələndirərək, Sovet İttifaqına qarşı qurulub. Kommunizmin süqutuna şahid olub, Sovet blokunu bir güllə belə atmadan uğursuzluğa düçar edib.

İlk dəfə 1990-cı illərdə Balkanlarda müharibəyə başlayıb.

Sonra yeni istiqamət götürüb - NATO sərhədləri xaricində, bilavasitə Əfqanıstanda və "terrorla mübarizə" çərçivəsində "ərazidən kənarda" adlandırılan əməliyyatlar həyata keçirib.

NATO genişlənmə proqramı da reallaşdırıb, üzv sayını az qala iki dəfə artırıb. Hazırda quruma 29 ölkə daxildir və yaxın zamanlarda Şimali Makedoniya da təşkilata üzv olacaq.

Təkcə hərbi yox, həm də diplomatik ittifaq olan NATO istər Baltik ölkələrində, istərsə də Balkanlarda Avropanın gənc demokatik dövlətlərini dəstəkləyərək onların özünə inamını artırdı, öz qanadları altına alaraq bu ölkələrdə sabitliyin yaranmasında həlledici rol oynadı.

Bunlar NATO-nu daha güclü bir təşkilat halına gətirdimi?

Britaniyalı müdafiə eksperti professor Michael Clarke-nin fikrincə, yox, gətirmədi.

Professor Michael Clarke deyir ki, "NATO həqiqətən də dünyanın gördüyü ən böyük hərbi ittifaqdır. Ancaq 30 yaxın üzvü olan indiki dönəmdə bunun yarısı qədər üzvü olduğu vaxtlardakından iki dəfə az güclüdür. Bu gün əhatəsi xeyli geniş olsa da, NATO-nun başı dərddədir".

NATO-nun genişlənməsi ittifaq daxilində müsbət hal kimi qiymətləndirilir. Baş katib Jens Stoltenberg mənimlə söhbətində bunu "tarixi uğur" adlandırdı, ittifaq demokratiya və hüququn üstünlüyünün yayılmasına kömək edir.

Yeni soyuq müharibə?

Genişlənmə NATO sərhədlərini Moskvaya 1600 kilometr yaxınlaşdırdı.

Bir vaxtlar Qızıl Ordu tərəfindən işğal edilərək SSRİ-yə qatılan üç3 Baltik ölkəsi və Varşava Paktında Moskvanın müttəfiqi olmuş Polşa indi NATO üzvüdürlər və bu, Vladimir Putinin xoşuna gəlmir.

Rusiya bütün vasitələrlə bu vəziyyəti dəyişməyə çalışır - nüvə silahlarını təkmilləşdirməklə, Suriyada Əsəd rejimini dəstəkləməklə mübahisəli, amma uğurlu bir kampaniya həyata keçirərək.

Avropada Rusiya kiber-hücumlarda: seçkilərə təsir etmək məqsədli informasiya əməliyyatları, hətta radioaktiv və kimyəvi silah hücumları (İngiltərənin cənubundakı Salisbury-də) reallaşdırmaqda ittiham edilir.

Moskvanın qətiyyətlə rədd etdiyi Salisbury hücumu çox sayda Rusiya diplomatı və kəşfiyyatçısının NATO ölkələrindən çıxarılmasıyla nəticələndi.

Hazırda yeni Soyuq müharibədən danışan xeyli adam var, ancaq indiki vəziyyət 1950-60-cı illərdəkindən çox fərqlidir.

Rusiyanın gücü və təsiri Sovet İttifaqınınkından xeyli azdır.

Müharibənin bir addımlığında baş verən kölgə qarşıdurmalarını ekspertlər "boz bölgə" adlandırırlar. Kiber-hücum və ya haker hücumları kimi hərəkətlərdə günahkarın kim olduğunu təsbit etmək olduqca çətindir.

Clarke deyir ki, "Qərb dünyasında siyasi uzlaşma problem var və bu, Putin üçün vəziyyəti daha da asanlaşdırır. Qarşıdakı 10-20 ildə Rusiya NATO-ya bəla olacaq. Lakin bu, biz istəmədən bizim strateji problemimiz olmamalıdır."


Clarke həmçinin qeyd edirki, Rusiya Qərbin daxili problemlərindən öz hədəflərinə çatmaq üçün istifadə edir:

"Əgər Qərb dünyası və Qərb demokratiyaları bu təhlükəyə qarşı keyfiyyətli bir şəkildə birləşməsələr - hazırda birlik bu səviyyədə deyil, - ruslar gələcəkdə Avropanın təhlükəsizliyində böyük rol oynayarlar. Gündəmi müəyyənləşdirərlər, insanların seçimlərini məhdudlaşdırarlar, gözdağı verərlər və bəlli bir səviyyədə bəsit şantajlar tətbiq edərlər".

Bugünkü NATO toplantısı həmrəylik nümayiş etdirmək, həll variantları tapmaq, gələcək üçün yol müəyyənləşdirmək məqsədi daşıyır.

Toplantıdan əvvəlki günlərdə NATO-nun arxa plandakı problemlərinə aid xeyli məqam üzə çıxdı.

NATO qürurla yeni xərc maddələrini elan etdi və məlum oldu ki, avropalı müttəfiqlərin müdafiə büdcələri gələn il daha da böyüyəcək.

Təşkilatın mərkəzi büdcəsini üzvlər arasında bölüşdürmək üçün də yeni bir formul qəbul edildi - Brüsseldəki baş qərargahı və digər ortaq proqramları əhatə edən bir büdcə.

Bununla bağlı ABŞ daha az, müdafiəyə ayırdığı vəsaitlər üzrə geridə qalan Almaniya isə daha çox vəsait ödəyəcək.

Bütün bunlar ABŞ prezidenti Donald Trump-ı yumşaltmaq və onun yenə NATO müttəfiqlərini utandıracaq şəkildə tənqid etməsinə mane olmaq cəhdləridir.

"Yükü bölüşmək" mübahisələri NATO daxilində çoxdan var. Bu, Trump-ın icadı deyil.

Ancaq o, uğurlu NATO-nun Avropalı üzvlərə olduğu qədər Washington-un da maraqlarına uyğun gəlməsiylə bağlı təməl yanaşmanı bölüşənə bənzəmir.

NATO ölkələri yenə də Ümumi Daxili Məhsulun ən azı 2 faizini müdafiəyə xərcləməyə söz verdilər, amma bir çoxu hələ ki, bu vədi yerinə yetirə bilməyib.


Strateji "beyin ölümü" baş veribmi?

Maliyyə məsələsinə fokuslanmaq digər problemləri kölgədə qoyur, yorğunluq artır və Fransa prezidenti Emmanuel Macron-un bu yaxınlarda NATO barədə "beyin ölümü reallaşdı" deməsinin səbəbi budur.

Sonrakı günlərdə o, açıqlamasından peşman olmadı, əksinə, keçən həftə ittifaqın pul haqqında danışmaqdan əl çəkib təməl strateji problemlərin həllinə daha çox vaxt ayırmalı olduğunu deməklə sözlərinin sərtlik dərəcəsini artırdı.

Bir neçə gün əvvəlsə Fransa və Türkiyə arasında mübahisə yaranmışdı. Bu, Suriyanın şimal-şərqində baş verənlərin NATO daxilindəki münasibətləri necə gərginləşdirdiyini göstərir.

Fransa prezidenti Macron Washington-un kürdlərə dəstəyi dayandırmasını və Türkiyənin Suriyadakı əməliyyatını tez-tez tənqid edir. Hər iki strateji qərar NATO üzvləriylə müzakirə edilmədən qəbul olunub.


Türkiyə isə Fransanın kürdlərə həddindən artıq dost münasibəti sərgilədiyini düşünür, istəyir ki, NATO bir ittifaq olaraq Suriyadakı mövqeyinə arxa dursun.

Bu məsələ ittifaqın qarşı-qarşıya olduğu başqa bir təməl problemi qabardır: bir çox adam Türkiyənin NATO və Qərbdən uzaqlaşmasını və Rusiyadan inkişaf etmiş hava müdafiə sistemi almasını NATO üzvü üçün yolverilmız addım hesab edir.

Bəzi ekspertlər bu üzvlüyün lazım olub-olmamadığını müzakirə etsələr də və bu, xeyli problem yaratsa belə, Türkiyənin böyüklüyü və coğrafi mövqeyi onu NATO üçün vacib müttəfiqə çevirir.

Yollar ayrılacaqmı?

Türkiyə və ABŞ-ın təktərəfli addımları, maliyyə məsələsində anlaşmazlıqlar, yenidən artan Rusiya təhdidi - dəmiryollarının qovşaq yeri kimi məşhur olan Watford qəsəbəsindəki lüks oteldə görüşəcək NATO liderlərinin müzakirə etməli mövzular çoxdur.

NATO özü də qovşaqdadır. Verdiyi qərarların bir çoxu (məsələn, yeni üzvlərin qəbulu kimi) strateji olduğu qədər də siyasidir.


Ancaq NATO qurulandan sonra dünya çox dəyişib, indi vəziyyət onun Soyuq müharibədə qələbəsini elan etdiyi 1990-lardan fərqlidir.

Fransa prezidenti Macronun "beyin ölümü" ifadəsi şişirdilmiş diaqnoz ola bilər, amma haqlı olduğu məqamlar da var.

NATO liderləri ittifaqın inkişaf istiqamətləriylə bağlı strateji qərarlara qayıtmalıdırlar.

Rusiya təhdidinə qarşı necə mübarizə aparılacaq? Strategiyanı gözdən keçirməyə ehtiyac varmı? Çinin inkişafıyla bağlı ortaq bir mövqe mövcuddurmu? 21-ci əsrin dünyasında NATO-nun prioritetləri nələr olmalıdır?

Xəbərlər