1004
Rəylər 22 noyabr — 10:40

“Bizə zorakılıqlara dair foto, video göndərin, rejimə sanksiya tətbiq edəcəyik...”

ABŞ-ın dövlət katibi Maykl Pompeo iranlı etirazçıları hökumətin onlara divan tutmasını sənədləşdirən video və başqa informasiya göndərməyə çağırıb, Vaşinqtonun “pozuntulara” görə sanksiyalar tətbiq edəcəyini bildirib.

“İranlı etirazçılardan rejimin onlara divantutmasını sənədləşdirən video, foto, informasiya göndərməsini istəmişəm. ABŞ pozuntuları aşkarlayaraq sanksiya tətbiq edəcək”, – Pompeo noyabrın 21-də tvitində yazıb.

Xəbər verildiyi kimi ötən həftə İran hökumətinin benzini bahalaşdırması bütün ölkə boyu şiddətli zorakılıqlarla müşaiyət olunan etirazlara səbəb olub. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı silah işlədib və “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının məlumatına görə ölənlərin sayı 200-dən çox ola bilər.

İranda internet tamamilə kəsildiyi üçün, Pompeonun etirazçılardan informasiyanı hansı formada gözlədiyi bəlli deyil.

Avropa Birliyi bundan əvvəl deyib ki, İran hakimiyyətinin kommunikasiyanı bərpa edəcəyini, etirazların yatırdılmasında “maksimum təmkin” göstərəcəyini gözləyir. Etirazçılar “dinc nümayiş edə” bilməlidirlər, sözçü Maja Kocijancic deyib və “hər hansı zorakılığı qəbuledilməz” adlandırıb.

ABŞ prezidenti Donald Tramp da növbəti dəfə İranda baş verənlərə münasibət bildirib, Tehranı çoxsaylı insan ölümlərini gizlətmək üçün interneti bağlamaqda ittiham edib. Tramp noyabrın 21-də Twitter-də yazıb:"İran o qədər sabitsizləşib ki, rejim bütöv internet sistemini söndürüb. Düşünüb ki, dünya rejimin törətdiyi ölüm və faciələrdən xəbər tutmayacaq!”

İrandan alınan xəbərlərdə deyilir ki, hakimiyyət orqanları Tehranda və bir neçə vilayətdə internetə girişin bərpasına başlayıb. Bu arada İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) son günlərdə bir çox şəhərləri bürümüş etirazların dayandığını bildirib. Noyabrın 21-də yaydığı bəyanatda Keşikçilər Korpusu silahlı qüvvələri “iğtişaşçılara” qarşı “vaxtında” tədbir gördüyünə görə təqdir edir və bildirir ki, “iğtişaş liderlərinin həbsi sakitlik yaranmasında əhəmiyyətli rol oynayıb”.

Ölkə boyunca “internetin tədricən bərpa olunduğunu” yarırəsmi “Fars” xəbər agentliyi də bildirir. İran hökuməti noyabrın 16-da ölkədə internetə girişi demək olar, tam bağlamışdı. Bundan məqsəd etirazlardan foto və videoların xarici aləmə çıxmasının qarşısını almaq idi.

Dünya boyunca internetə girişi monitoriq edən NetBlocks “girişin cüzi bərpa olunduğunu” bildirir. Sayt bildirir ki, İranda internetə giriş ölkə normasının 10 faizi qədərində bərpa olunub. İki gün əvvəl bu rəqəm 4 faiz idi.

Qeyd edək ki, etirazlar və toqquşmalar, habelə kütləvi həbslər İran Azərbaycanını da bürüyüb. Çoxsaylı azərbaycanlı fəalın öldürüldüyü, həbs edildiyi haqda həyacanlı xəbərlər var. Azərbaycanlı fəal Bulud Ələmdar Təbrizdə azı bir azərbaycanlı etirazçının öldürüldüyünü təsdiqləyə bildiklərini deyib. “Amerikanın səsi”nə danışan Ələmdar bildirib ki, aksiyalar İranın müxtəlif etnik icmalarının yaşadığı bölgələrdə keçirilib: “Ayaqlanma ilk öncə ərəblərin yaşadığı bölgələrdə başladı. Güney Azərbaycanda və türk şəhərlərdə is, ilk Zəncandan başladı. Onun ardından Urmiyə, Təbriz, Qoşaçay, Əhər və Meşkin kimi şəhərlərdə. Az sayı ilə olsa da, daha kiçik şəhərlərdə də etirazlar baş tutub.”

Bulut Ələmdar iqtisadi problemlərin bütün qrupların ortaq dərdi olduğunu vurğulayır.

“Fars bölgələrindəki müxalifət ilə türk bölgələrdəki müxalifət çox fərqlidir. Amma iqtisadi məsələlərdə ortaq dərdi paylaşırıq. Başqa məsələlərdə əlbəttə ki, bizə daha çox zülm olunur və biz daha çox meydandayıq. Daha çox mübarizə edirik... İqtisadi məsələlər hər kəsin boğazından yapışan məsələdir. Bahalıq, işsizlik, pulsuzluq, maaşların az olması. Buna görə təbii olaraq Güney Azərbaycanda da ayaqlanmalar oldu,” o ifadə edir.

Ələmdar İran Azərbaycanının müxtəlif bölgələrində onlarla vətəndaşın saxlanıldığı bildirir.

Virtualaz.org

Xəbərlər