323
Rəylər 17 noyabr — 16:06

Xeyirxah olmaq niyə görə daha çox yaşamağınıza kömək edə bilər?

Yaxşılıq etmək, xeyirxah olmaq insana nə verə bilər?

ABŞ-ın Los-Angeles şəhərinin California Universitetindəki (UCLA) Bedari Xeyirxahlıq İnstitutunun alimləri hesab edirlər ki, xeyirxahlıq ömrü uzada bilər.

"Biz bu məsələyə elmi nöqteyi-nəzərdən baxırıq. Pozitiv sosial əlaqələr barədə, psixologiya, biologiya barədə danışırıq", - institutun birinci direktoru Daniel Fessler deyib.

Xeyirxahlıq anlayışı bu yaxınlarda qəzet başlıqlarında da yer alıb.

Keçən ay ABŞ-da Demokrat partiyasının veteran üzvü Elijah Cummings-in dəfn mərasimində çıxış edən ABŞ-ın keçmiş prezidenti Barak Obama öz nitqində xeyirxahlıq mövzusuna da diqqət ayırıb.

"Güclü bir insan olmaq həm də xeyirxah olmaq deməkdir. Yaxşılıq və mərhəmətin zəifliklə heç bir əlaqəsi yoxdur", - o deyib.

Noyabrın 13-də Ümumdünya Xeyirxahlıq Günü qeyd olunub. Görəsən, xeyirxah olmaq nə deməkdir və bu, nəyə görə mühümdür?

Mütəxəssislər bu məsələyə ciddi yanaşaraq onu araşdırmaq istəyirlər. Onların təbirincə, bu məsələ həyat və ölümlə bağlı ola bilər.

Daniel Fessler öz tədqiqat işində insanların sadəcə, xeyirxah davranışa şahidlik etməklə necə mehriban olmağa həvəsləndirilə biləcəklərini və kimlərin bu "mehribanlığa yoluxduğunu" araşdırıb.

"Düşünürəm ki, indi biz mehribansızlıq dövründə yaşayırıq, - o deyir - Həm ABŞ-da, həm dünyada. Fərqli siyasi və ya dini baxışlara malik olan insanlar arasında qarşıdurmanın artmasını görürük."

Onun qeyd etdiyi kimi xeyirxahlıq "başqalarına fayda gətirmək niyyətində olan hərəkətlərlə əlaqəli düşüncələr, hisslər və inanclardır. Başqalarına fayda gətirmək özü-özlüyündə bir məqsəddir, daha məqsədə çatmaq vasitəsi deyil."

Xeyirxahlıqsız isə "dözümsüzlük mövqeyi, başqalarının rifahının nəzərə alınmamasıdır".

Bu cür hal sosial mediada trollinqə rast gələn hər kəsə tanışdır.

Daniel Fessler deyir ki, "insanların anonimliyi nə qədər çox olursa, onların aqressivliyi o qədər çox, başqalarının qayğılarına və rifahına verilən diqqət və qayğı da o qədər az olur".

İnstitut xeyriyyəçilər Jennifer və Matthew Harris tərəfindən təsis edilmiş Bedari Fondunun 20 milyon dollarlıq qrantı sayəsində yaradılıb.

UCLA-nın ictimai elmlər şöbəsində yerləşən bu institut həm ictimaiyyət nümayəndələrinə kömək etmək, həm də liderləri ilhamlandırmaq vəzifəsini qarşısına məqsəd qoyub.

Matthew Harris, tədqiqatın "bu müasir dünyada xeyirxahlığın niyə bu qədər az olduğunu anlamaq" və "elm və mənəviyyat arasındakı uçurumu aradan qaldırmaq" üçün lazım olduğunu deyir.

İnstitutun üzərində işlədiyi layihələrdən bəziləri bunlardır:

  • Antropoloqlar xeyirxahlığın insanlar arasında necə yayıldığını araşdırır
  • Sosioloqlar xeyirxahsız davrananları xeyirxah olmağa inandırdırmağın yollarını təhlil edir
  • Psixoloqlar xeyirxahlığın əhval-ruhiyyəni necə yaxşılaşdıra və depressiya simptomlarını azalda biləcəyini öyrənirlər

İnstitut eləcə də, tələbələrə və Los Angeles icmalarında imkansızlar üçün qayğıkeşlik məşq kursları keçmək imkanı verir.

Daniel Fessler deyir ki, pis stres insana mənfi təsir göstərir. Söhbət çətin vəziyyətdə insanın heç bir şey edə bilmədiyi stresdən gedir. Bu stress növünə əks olaraq dağa dırmanmaq kimi insanı sınağa çəkən lakin məmnun edən stressli situasiyalar da var.

"Ən yaxşı halda, sizə əhəmiyyət verməyən və ya qayğı göstərməyən və ən pis halda, sizinlə açıq düşmənçiliklə rəftar edən insanlarla yaşamağınız sizin üçün pisdir. Bu, sözün həqiqi mənasında sizin həyatınızı qısaldır", - o deyir. - Əksinə, həm başqalarından xeyirxahlıq görmək, həm də onlara xeyirxah olmağın hər ikisi bu zəhərli stress vəziyyətinin əksidir. Və bunların sizə təsiri müsbət olur."

Hətta qəhvə dükanındakı satıcının gülümsəməsi və işlərin necə getməsiylə maraqlanması kimi sadə görünə bilən ünsiyyət məqamları da insanların hal-əhvalını yaxşılaşdıra bilər.

"Başqalarına qarşı mehriban olmağın yolları barədə düşünərək xeyirxahlıqla məşğul olmaq qan təzyiqini aşağı salır. Bunun terapevtik faydaları var, - o deyir. - Depressiya və rahatsızlıq hissinin müalicəsi üçün bu faydalıdır".

"Təcili mesaj"

Kolumbiya Universitetinin həkimi Kelli Harding bu yaxınlarda yazdığı "Dovşan effekti" adlı kitabında bu fenomeni araşdırır.

"Bunun immunitet sisteminə, qan təzyiqinə müsbət təsiri var, insanların daha uzun və daha yaxşı yaşamalarına kömək edir. Çox təəccüblüdür, çünki bunun üçün imkanlar kifayət qədərdir və burada dozanın həddən çox olmasından söhbət gedə bilməz. Və həm də bu, pulsuzdur və bunu dərhal etmək olar", - o deyir.

Onun sözlərinə görə, xeyirxahlıq "çox şeyi dəyişə bilər və insanlara həyatlarını daha yaxşı yaşamağa kömək edə bilər".

Onun sözlərinə görə, başqalarına qarşı özümüzə nisbətən daha mehriban olmaq çox vaxt daha asan olur.

"Özümüzə və başqalarına xeyirxahlığı inkişaf etdirməyin bir çox yolu var. İş yerində, məktəbdə və evdə şəfqətli olmaq daha yaxşı nəticələrə səbəb olur, - o deyir. - Tibbdə texnologiya yaxşılaşmaqdadır, ancaq köməkçi bir qulluqçunun xeyirxahlığını heç vaxt təkrarlaya bilməzsən. Əqli sağlamlıq və fiziki sağlamlıq arasındakı əlaqə çox vacibdir."

Daha xoş həyat yaşamaq üçün məsləhətlər

Xeyirxahlıq mütəxəssisi Gabriella Van Rij-dən

  1. Başqalarını həqiqi mənada dinləməyə başlayın (onların əvəzinə cavab uydurmaq əvəzinə)
  2. Kobudluğa mehribanlıqla cavab verin (səmimi bir tonda "çətinliklərlə qarşılaşmısan?" deməklə gərginliyi aradan qaldırmaq olar).
  3. Kənarda qalan birinə diqqət yetirin. Bunu etməklə, siz onları dəyərləndirərsiniz - diqqət verilməyən, istənməyən və sevilməyən halda qalmaq insaniyyətsizləşdiricidir.
  4. Hərəkət/reaksiya. Gönüqalınlıq olduqda nəzərə alın ki, bu, sizə aid deyil. Qəzəbləndiyiniz zaman, dərin bir nəfəs alın və geri addım atın.

UCLA ictimai elmlər bölməsinin dekanı Darnell Hunt deyib ki, institutunun "ciddi akademik araşdırmaların kökünə işləmiş indiki dünya siyasətindəki zorakılıq və fitnəyə qarşı" bir çarə rolunu oynamasını istəyir.

"Düşünürəm ki, geriyə bir boylanmaq və bizi humanist edən amillərə diqqət yetirmək, daha humanistik cəmiyyətlərə yol açan potensialı araşdırmaq üçün birbaşa ehtiyacın olduğu bir dövrdə yaşayırıq, - o deyir. - ABŞ-da və başqa ölkələrdə qütbləşmə dərinləşir, artan urbanizasiya insanlar arasında birbaşa ünsiyyət imkanlarını daraldır".

"İnsanlar xeyirxah hərəkəti görəndə belə hərəkəti təkrarlamağa çalışırlar, - Darnell Hunt qeyd edir, - Amma biz hələ də xeyirxahlığın mexanizmlərini başa düşməyə çalışırıq".

"Bu araşdırma çərçivəsində gerçək dünyada insanların hansı siyasət yürütdüklərini və dəyişikliklərə necə nail ola biləcəklərini təhlil etmək istəyirik. Və indiki tarixi məqam bunu etmək üçün ən uyğun bir dövrdür", - o deyir.(BBC)

Xəbərlər