157
Rəylər 13 noyabr — 17:50

Allahşükür Paşazadə: Bəziləri İslam pərdəsi arxasında gizlənərək terrorçuluğa çağırırlar...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda dünyanın dini liderlərinin II sammiti ərəfəsində Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.

Virtualaz.org-un məlumatına görə, QMİ sədri əvvəlcə , planetin dini həyatında xüsusi yer tutacaq Bakıd sammitinin hədəfləri və ondan gözləntiləri ilə bağlı sualı cavablandırıb.

A.Paşazadə bildirib ki, bu gün dünyada mürəkkəb proseslər gedir və insanların bir-birini tanıması, bir-birini başa düşməsi və baş verənlərə münasibət bildirmələri lazımdır: “Təəssüf edirəm ki, bu gün dünyanın müəyyən bir hissəsində yaşayan müsəlmanlar, məsələn, BMT kürsüsündən öz fikirlərini bildirmək iqtidarında deyillər. Çox istərdim ki, gələn din xadimləri də öz sözlərini BMT kürsüsündən söyləsinlər. Bunu siyasətçilər edə bilər.

Zirvə görüşündə 25 dini məzhəbin nümayəndələri, habelə bəzi dövlətlərin rəhbərləri və parlament sədrləri iştirak edəcəklər. Bu, belə konfransların əhəmiyyətindən xəbər verir.

Bu tədbirin keçirilməsinin təklifi Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Ümid edirəm və əminəm ki, dünyanın müxtəlif ölkələrindən 600-ə yaxın müxtəlif dinlərin nümayəndələrinin bu sammitdə iştirakı, bu sammitdə qəbul ediləcək bəyannamələr dünya ictimaiyyətinə, dünya siyasətinə müsbət təsir göstərəcək”.

“Hazırda islam dünyasından vəziyyət stabil deyil. Dünyada islamofobiya artıb. Sizcə, nə etmək lazımdır ki, islam dünyasında sülh olsun və İslam dini ilə bağlı yanlış fikirlər yayılmasın” sualına cavabında QMİ sədri qeyd edib ki, bu çox vacib bir məsələdir: “Biz, din xadimləri ciddi narahatıq. Bu gün antisemitizmlə yanaşı, islamofobiya, xristianofobiya da yaranıb. Bu, Avropada, dünyanın digər bölgələrində də təsdiqlənir.

Əlbəttə, bu, bizi qorxudur. İnanıram ki, bu zirvə görüşündə qəbul ediləcək qərarlar arasında ən vaciblərindən biri dinlər, dövlətlər, xalqlar arasında, xüsusən siyasətçilər arasında münasibətlərin düzgün qurulması zərurəti məsələsi olacaq.

Bu, məncə, hər birimizin, hər möminin, hər bir dini liderin günahıdır. Keçid dövründə bəziləri İslam pərdəsi arxasında gizlənərək, qarşıdurmaya çağırış edir və terrorçuluğa çağırırlar. Bu, İslam deyil.

Zirvə görüşündə müzakirə ediləcək bütün bu məsələlərin çox vacib olduğuna inanıram və şadam ki, Azərbaycan onların həllində aparıcı yerlərdən birini tutur”.

Tanınmış jurnalist QMİ sədrinin gələcək planları, gündəliyində hansı məsələlərin olması ilə də maraqlanıb. A.Paşazadə bu barədə danışarkən vurğulayıb ki, Qafqazda, Rusiyada, Azərbaycanda baş verən hadisələr onun üçün çox vacibdir: “Artıq uzun illərdir ki, Qafqaz Xalqları Ali Dini Şurasının sədriyəm. Bu o deməkdir ki, mənə bütün Qafqazın böyükləri kimi münasibət göstərirlər, onlarla tez-tez görüşürəm.

Həmişə onlara deyirəm ki, hər bir insan istər adi insan olsun, istər dindar, istərsə də din xadimi, ilk növbədə öz ölkəsinin vətəndaşı olmalıdır, dininə, dövlətinə qanun çərçivəsində xidmət etməlidir.

Mən heç vaxt din xadimlərini barışdan, qardaşlıqdan, yaxşı münasibətlərdən başqa bir şeyə çağırmamışam, məni dinləyən hər kəsi bir-birinə kömək etməyə, münaqişələri birgə həll etməyə çağırıram. Mən bunu etmişəm və bundan sonra da edəcəyəm”.

Xəbərlər