405
Rəylər 8 noyabr — 16:49

Yazov hələ sağdır və “QKÇP” qiyamından danışır

SSRİ-nin keçmiş müdafiə naziri və sonuncu Sovet İttifaqı marşalı Dmitri Yazov 95 illik yubileyini qeyd edir. 1990-cı ildə Bakıya sovet qoşunlarının yeridilməsini əmr edən və yüzlərlə dinc insanın güllələnməsinə görə birbaşa məsuliyyət daşıyan Yazov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində 1991-ci ilin QKÇP qiyamı haqda danışıb.

Yazovun sözlərinə görə, Mixail Qorbaçov və Boris Yeltsin həmin vaxt oyun oynayırdılar və dövləti xilas etmək əvəzinə “kart qarışdırırdılar”.

“1991-ci ilin avqustuna doğru artıq orduya ödəməyə pul qalmamışdı. Mən buna tamaşa edə və itaətkarcasına dabanlarımı döyəcələyə bilməzdim. Ordu məni anlamazdı”,-Yazov deyib.

Marşal əlavə edib ki, əgər 1991-ci ilin avqustu təkrarlansa idi o, daha qətiyyətli davranardı.

Dmitri Yazov 1924-cü ildə anadan olub. Böyük Vətən müharibəsində iştirak edib, 1987-ci ildən 1991-ci ilin avqustuna qədər SSRİ-nin müdafiə naziri olub, digər ordu rəhbərləri və xüsusi xidmət generalları ilə birlikdə Qorbaçova qarşı qiyam qaldırıb, QKÇP (Dövlət Fövqəladə Vəziyyət Komitəsi) qurub. Lakin qiyam uğursuzluqla nəticələnib və Yazov başda olmaqla komitə üzvlərinin bir çoxu həbs edilib. 500 gün təcridxanada saxlanıldıqdan sonra marşal Dövlət Duması tərəfindən əfv edilib.

Virtualaz.org

Xəbərlər