300
Rəylər 17 oktyabr — 23:48

Çavuşoğlu: “Barış bulağı” əməliyyatı dayandırılmayıb, sadəcə prosesə ara verilib

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlərin nəticəsi barədə mətbuat konfransı keçirib.

Görüşün təfərrüatlarını bölüşən nazir deyib: “Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Barış bulağı” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib”.

Nazir bildirib ki, 120 saat ərzində YPG Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Yalnız bundan sonra “Barış bulağı” antiterror əməliyyatı dayandırıla bilər. Bundan başqa, Türkiyəyə qarşı ABŞ-ın sanksiyaları dərhal aradan qaldırılacaq. Eyni zamanda, YPG-nin əlindəki ağır silahlar toplanmalıdır.

M.Çavuşoğlu diqqətə çatdırıb ki, təhlükəsizlik bölgəsi tam şəkildə terrorçulardan təmizlənməli, Suriyanın ərazi bütövlüyü qorunmalı, suriyalı qaçqınlar yurdlarına qayıtmalıdır.

Nazir Mövlud Çavuşoğlu Suriya böhranının həlli ilə bağlı Türkiyənin qətiyyətli mövqeyi, o cümlədən prosesin tənzimlənməsinə dair davam edən məsələlər ətrafında geniş məlumat verib.

Sonra nazir jurnalistləri maraqlandıran sualları cavablandırıb.

AzərTAc xatırladır ki, Türkiyə tərəfi birmənalı olaraq PKK terror təşkilatı ilə YPG-nin eyni məqsədli təşkilat olduqlarını bəyan edib.

Xəbərlər