183
Rəylər 10 oktyabr — 11:58

"Qaçqınkom" sədri: "İlin sonuna qədər 3700-dən çox mənzil məcburi köçkünlərə veriləcək"

"İki gün öncə Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak etdi. Orada 1300 ailə məskunlaşdırılacaq. Həmin mənzillərdə özəl sektor tərəfindən mətbəx mebelləri qoyulur. Soyuducalar hədiyyə olunur. Yəni özəl sektor tərəfindən inşa edilən mənzillərdə qayda belədir. Dövlət Komitəsi tərəfindən isə tikilən mənzillərə mətbəx avadanlıqları verilir. Hazırda bu istiqamətdə püşkatma mərhələsinə başlanılıb. Mənzillər isə ailə sayına uyğun olaraq bölüşdürülür".

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək: "Məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr hazırdır, bəzilərində isə tamamlanmaq üzrədir. Şirvan şəhərində 685 ailəlik qəsəbə, Beyləqan rayonunda 146 ailəlik fərdi evlər tikilib, artıq köçkünlərə təhvil verilir. Orada yaşayış var. Göyçay rayonunda bir bina təhvil verilməyə hazırdır. Göygöl və Ucar rayonlarında qəsəbələr tikilir. Kürdəmirdə 560 ailəlik yaxın günlərdə qəsəbə təhvil veriləcək".

Dövlət Komitəsinin sədri 2020-ci ildə görüləcək işlərdən danışıb: "Gələn il üçün təkliflərimiz hazırlanıb. Harada nə tikiləcəksə bu barədə müvafiq işlər görüləcək. Hələ ki, bununla bağlı ali rəhbərliyə məruzə olunacaq. Büdcəyə uyğun olaraq tikinti işlərinə başlanılacaq".

Komitə sədri bildirib ki, hazırda təxminən 24 min məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır. Onun sözlərinə görə, həmin məcburi köçkünlər yataqxanalarda, bağçalarda, sanatoriyalarda və s. yaşayırlar: "Mən onlarla mütəmadi olaraq görüşürəm. Bəziləri ilə də görüşəcəm. Bu gün 700 minə qədər məcburi köçkün var və biz çalışırıq ki, onların problemlərini həll edək".

R. Rzayev söyləyib ki, fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi diqqətimizdədir və yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq: “Hazırda bu istiqamətdə müvafiq işlər görülür. Amma əsas məsələ hələ ki, bu gün ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin evlə təmin olunmasıdır. Təbii ki, fərdi evlərdə yaşayan məcburi köçkünlər də həmin evlərdən çıxarılacaq. Belə ailələr az deyil, yetərincədir. Bu cür ailələr daha çox Bakı və Sumqayıtda olan fərdi evlərdə yaşayır".

Xəbərlər