381
Rəylər 8 oktyabr — 16:20

Aprel döyüşləri başlayanda Ermənistan ordusunun Baş qərargah rəisi harada olub?

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Artak Davtyan bu gün Yerevanda keçirdiyi mətbuat konfransında 2016-cı ilin aprel müharibəsi zamanı o vaxtkı Baş qərargah rəisi Yuri Xaçaturovun işi üzrə istintaqa “arayış verdiyini” təsdiqləyib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Davtyan həmin arayışın məzmununu açıqlamayıb.

Məsələ belədir ki, politoloq Stepan Qriqoryan Xaçaturovun  müharibə başlayanda komanda mərkəzində olmadığını, içib əyləndiyini demişdi. Sonradan KTMT baş katibi postunu tutan və oradan qalmaqallı şəkildə uzaqlaşdırılan Xaçaturov isə onu məhkəməyə verib. Habelə Xaçaturovun adı 2008-ci il 1 mart hadisələrinə dair istintaqda keçir.

Artak Davtyan bildirib ki, onun Xaçaturovun işi üzrə ifadə verdiyi haqda deyilənlər doğru deyil. Və o, Xaçaturovun müharibənin ilk dəqiqələrində harada olduğu haqda arayış təqdim edib. “Bəli, məhz belədir”,-o deyib.

Davtyan ancaq onu bildirib ki, həmin arayışda komanda mərkəzinə giriş-çıxışa dair müvafiq videogörüntülər və operativ növbətçinin məlumatları əks olunub.

Məhkəmə istintaqına təqdim edilmiş arayışa əsasən Xaçaturov döyüş əməliyyatlarının başlamasından 20-25 dəqiqə sonra komanda mərkəzinə gedib, oradan hərbi əməliyyatlara rəhbərlik edib.

Virtualaz.org

Xəbərlər