254
Rəylər 14 avqust — 21:48

"Neftçi"nin baş məşqçisi "Bney Yehuda" ilə oyun haqda

"Neftçi" nin baş məşqçisi Roberto Bordin və komandanın futbolçusu Dario Frederiko İsraildə "Bney Yehuda" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə keçirilən mətbuat konfransında oyundan gözləntilərini paylaşıblar.

Virtualaz.org-un Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, baş məşqçi əvvəlcə sabah onları çətin bir oyunun gözlədiyini bildirib: “Çünki rəqibimiz yaxşı hazırlıqlıdır. İlk oyunda düzgün mövqe seçərək arxada qapandılar və fərdi keyfiyyətlərə malik oyunçular sayəsində çətinliklər yaratdılar. Məncə, rəqibin cüzi də olsa, üstünlüyü var. Bizə qarşı fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun gözlənilir".

Mütəxəssis bildirib ki, "Bney Yehuda" ilk matçda bütün heyətlə müdafiəyə qapanmışdı və böyük ehtimalla sabah da eyni taktika ilə çıxış edəcək.

İtaliyalı məşqçi 2 top buraxmalarına baxmayaraq sonadək xarakter göstərdiklərini xüsusi vurğulayıb və komandasına inandığını söyləyib.

Bordin ilk matçda yarımmüdafiədə problemlərin olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, "Bney Yehuda" əks-hücumlar nəticəsində qollar vurmağı bacarıb: "Bunlar taktikadan yox, istəkdən, oyuna yanaşmadan asılı məsələlərdir".

Mütəxəssis Baqali Dabonun artıq komanda ilə məşqlərə qoşulduğunu da diqqətə çatdırıb. O, sabahkı matçda kimin meydana çıxmasının hələ dəqiq olmadığını söyləyib.

Dario Frederiko isə deyib ki, həftə ərzində yaxşı hazırlaşıblar: “Rəqibi yaxşı tanıyırıq, onu yaxşı təhlil etmişik. Məşqçinin parametrlərini daim yerinə yetirmək lazımdır. Rəqib yenə çox qapalı oynayacaqsa, fərdi hərəkətlərimlə meydan sahiblərinə problemlər yaratmağa çalışacağam. "

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Onu da xatırladaq ki, Bakıdakı ilk görüş heç-heçə nəticələnib - 2:2.

Xəbərlər