386
Rəylər 12 avqust — 22:20

Qurban Qurbanov: APOEL-in baş məşqçisinin dəyişməsi məni narahat edir

"İlk görüşdən sonra rəqibin baş məşqçisi dəyişib. Baş məşqçi dəyişikliyi olanda narahatlıq da olur...”.

Virtualaz.org-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində "Azərsun Arena"da təşkil olunan mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, yaxşı oyunla müsbət nəticə qazanmaq istəyirilər: "İlk görüşdən sonra rəqibin baş məşqçisi dəyişib. Onun işi barədə futbolçulara danışmışıq. Baş məşqçi dəyişikliyi olanda narahatlıq da olur. İndi tam fərqli formada hazırlaşmalıyıq. Bu, ilk hal deyil, belə şeylər olur. Baş məşqçi üzərində hər zaman məsuliyyət olur. Çünki nəticə ondan soruşulur. Məsuliyyət bizim üçün daha çoxdur. İnanmıram ki, yeni baş məşqçidən mərhələ keçməyi tələb edələr. Yəqin ki, ondan daha çox gələcəyin komandasını qurmaq istəyərlər".

Q.Qurbanov heyətlə bağlı ciddi problemlərinin olmadığını vurğulayıb: "Ola bilər, rəqibdə sistem dəyişikliyi olsun. Komandaya yeni baş məşqçi gələndə adətən ilk matça fərqli əhval-ruhiyyədə olur, özlərini göstərməyə çalışırılar. Düşünürəm ki, dərinə getməməliyik, daha çox öz oyunumuzu düşünməliyik. Təcrübə göstərir ki, 2:1 və 3:1 kimi hesablar komandanı arxayınlaşdırmır. Əlbəttə, ilk matçda 2:0 hesabı ilə qalib gəlsəydik, daha yaxşı olardı. Amma bəzən buraxılan qol komandaya fayda verir. Start heyəti ilə bağlı səhər məşqindən sonra qərar verəcəyik. Maqaye Qeyenin "11-lik"də yer alacağını düşünmürəm, amma meydana çıxa bilər".

APOEL-in baş məşqçisi Tomas Doll isə deyib ki, komandada yenidir və cəmi 4 məşq keçib, bununla belə, "Qarabağ"a qalib gələ bilərlər: "Sabah özümüzə inamla oynayacağıq. İki qol vurmalıyıq. Ümumilikdə 4 məşqimiz olub. Futbolçulardan razıyam. Təəssüf ki, onlar ilk görüşdə bacardıqlarını tam şəkildə nümayiş etdirə bilməyiblər. Önəmli olan ilk matçla müqayisədə daha yaxşı oynamaqdır. Sabah fərqli performans ortaya qoymalıyıq. Futbolçularla söhbətim olub. Hiss edirəm ki, şansımız var. Çox güclü rəqibə qalib gələ bilərik. Fərqli performansın nədən ibarət olduğu deyə bilməyəcəyəm. Matçda görəcəksiniz".

Xatırladaq ki, "Qarabağ" ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda sabah baş tutacaq cavab matçı saat 20:30-da start götürəcək.

Xəbərlər