146
Rəylər 18 iyun — 17:08

Avropa İttifaqı İranla nüvə razılaşmasının ləğv olunmasını istəmir

Avropa İttifaqı (Aİ) İranla bağlanmış beynəlxalq nüvə razılaşmasını hələ də ləğv olunmuş hesab etmir və bunun üçün tərəflərdən birinin sazişin şərtlərini pozmasına dair ekspertlərin rəyinin olmasını vacib hesab edir. Aİ bu məsələdə hansısa bəyanatlar deyil, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin yoxlama hesabatları əsasında hərəkət edəcəkr.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Lüksemburqda keçirilən Aİ XİN rəhbərlərinin toplantısından sonra bildirib. O qeyd edib ki, BAEA indiyədək öz hesabatlarında İranın bağlanmış beynəlxalq sazişə sadiqliyini təsdiqləyib.

AzərTAc xatırladır ki, İran iyunun 27-dək aşağı dərəcəli zənginləşdirilmiş uranın sazişdə icazə verilən həddini keçəcəyini elan edib. Bundan başqa uranın zənginləşdirilmə həddinin də artırılacağına dair məlumatlar yayılıb (sazişdə icazə verilən hədd 3,67 faizdir). İran tərəfi bu addımını sazişin şərtlərinə əməl edildiyi və öz nüvə proqramını bu sazişə uyğun şəkildə davam etdirəcəyi təqdirdə bu ölkənin beynəlxalq iqtisadi təcriddən xilas olacağına dair vədlərlə əsaslandırır. Belə vədlər verilsə də ABŞ beynəlxalq sazişdən birtərəfli qaydada çıxıb və İrana qarşı iqtisadi sanksiyaları gücləndirib. Buna görə də İran sazişin şərtlərinə daha riayət olunmadığı qənaətindədir.

İranla iqtisadi əlaqələrin güclənməsində maraqlı olan Aİ ölkələri isə bu əsaslandırmanı qəbul etmək istəmirlər. Aİ ölkələri sazişin qüvvədə qalması və Avropa şirkətlərinin İranla işğüzar əlaqələrinin bundan sonra da davam etdirilməsində maraqlıdırlar.

Qeyd edilməlidir ki, BAEA-nın İranın nüvə proqramına dair növbəti hesabatı avqust ayının sonu və ya sentyabr ayının əvvəli üçün gözlənilir. Fars körfəzində hazırkı gərginliklə yanaşı, bu hesabat da İranla bağlı münasibətlərin gələcək taleyinə öz təsirini göstərə bilər.

Xəbərlər