237
Rəylər 12 iyun — 16:25

Tokayevin qarşısında duran problemlər: Etirazlar, iqtisadiyyat, Rusiya...

Qazaxıstanda 9 iyunda keçirilən prezident seçkilərinin qalibi Qasım-Jomart Tokayev rəsmi andiçmə mərasimindən sonra dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə hüququ olanların 77,5 faizinin gəldiyi seçkidə o, səslərin 73,16 faizini toplayıb.

Yeni prezident tezliklə bir neçə problemi həll etməlidir. Hərçənd politoloqların çoxu onun hələ ki, müstəqil fiqur olmadığını düşünür.

Bu da Qazaxıstan prezidenti postunda Qasım-Jomard Tokayevin üzləşəcəyi beş problem.

Etiraz ovqatı

Politoloqlar hesab edirlər ki, indilik ölkədə vahid etiraz vektoru yoxdur, amma əhali arasında etiraz ovqatı mövcuddur və müəyyən şərtlər daxilində o, istiqamətlənmiş hal ala bilər.

Seçkiylə bağlı etirazlara hakimiyyət hədsiz sərt reaksiyayla cavab verdi və buna əsasən demək olar ki, yuxarıdakılar əhalinin tam dəstəyinə əmin deyillər.

Seçkinin nəticələri də bundan xəbər verir. 73,16 faiz Qərb ölkələri üçün çox yüksək göstəricidir, amma keçmiş prezident Nazarbayevin göstəriciləriylə müqayisədə heç də ümidverici deyil: ən pis 1999-cu il seçkisində belə "Elbası" 80 faiz seçicinin səsini qazanmışdı.

Şərhçilər etirazçılara qarşı qəddarlığı hakimiyyətin xalq dəstəyindən əmin olmaması kimi qiymətləndirirlər

Bu baxımdan hakimiyyətin etirazlara sərt reaksiyası izaholunandır, amma baş verənlər rejimə qarşı müxalifliklə nəticələnə biləcək etiraz ovqatına potensial şərait yaradır.

Qazaxıstanlı politoloq Dosım Satpayev ölkədə güc strukturkarının rolunun artdığını bildirir və onların hakimiyyət daxilində ayrıca bir qruplaşmaya çevriləcəyini istisna etmir.

Hakimiyyətin etirazçılara qarşı nümayiş etdirdiyi qəddarlıq həm də bununla bağlıdır. Satpayev deyir ki, "quzğunlar" nə qədər fəaldırlarsa, dialoqla bağlı ümidlərə bir o qədər az yer qalır.

"Ailənin" kölgəsi

"Prezident Tokayev Nazarbayevin namizədi hesab olunur və "sosial kamikadze"rolunu oynamalıdır. Ölkədə çoxlu sosial problem yığılıb və kimsə özünün çox da yüksək olmayan reytinqini xərcləyərək buna görə cavab verməlidir" - politoloq Arkadi Dubnov belə deyir.

Tokayev artıq bəyan edib ki, onun üçün prioritet məsələlər daxili siyasət və sosial problemlərin həllidir. O, səhiyyə və vergi sistemlərində struktur islahatları aparmağa, kiçik biznes üçün əlverişli şərait yaratmağa hazırlaşır.

Xarici siyasət, sistem və imic problemləri Nursultan Nazarbayevin nəzarətində qalacaq. Tokayevi ailənin digər üzvləri, o cümlədən, Nazarbayevin qızı və Senatın sədri Dariqa Nazarbayeva da ciddi nəzarət altında saxlayır.

Yeni prezidentin müstəqil siyasi fiqura çevriləcəyinə politoloqlar çox az ehtimal verirlər.

Mərkəzi Asiyanın digər ölkələrindən fərqli olaraq, Tokayev əvvəlki prezident hələ sağkən onun kürsüsünə əyləşdi. Amma Nazarbayev və onun klanı Qazaxıstan siyasisətində həlledici təsirə malikdirlər və onlarla bağlılığı olmayan biri hakimiyyətə gələ bilməzdi.

Dosım Satpayev də hesab edir ki, Nazarbayev sağ olduğu müddətcə Tokayev ikinci dərəcəli fiqur kimi qəbul olunacaq.

İqtisadiyyat

Hələ ki, Qazaxıstanda resessiya əlamətləri müşahidə olunmur, amma hər yerdə olduğu kimi, bu ölkədə də iqtisadi artım dayanıb. Avropa İttifaqıyla yanaşı, ölkənin əsas ticarət partnyorları həm də Çin və Rusiyadır. Yeni prezident hər ikisiylə incə balans siyasəti yürütməlidir.

Prezident Tokayevin əsas vəzifəsi elan etdiyi sosial proqramlar üçün maliyyə vəsaiti tapmaq və ölkədəki sosial gərginliyi azaltmaq olacaq.

Keçmiş prezident Nursultan Nazarbayev idarəetmənin əsas rıçaqlarını öz əlində saxlayıb. "Elbası" - millətin lideri statusu da hələ ki, ləğv olunmayıb.

Qazaxıstan xammal iqtisadiyyatı olaraq qalmaqdadır, diversifikasiya cəhdləri hiss olunan uğurlarlarla nəticələnməyib. Ona görə də enerji ehtiyatlarının ucuzlaşması Tokayevin reytinqini və Qazaxıstan rəhbərliyinin qeyri-rəsmi dərəcələr tabelindəki yerini ciddi şəkildə zədələyə bilər.

Prezidentin vəziyyətini ağırlaşdıran səbəblərdən biri də Qazaxıstanın Rusiyadan iqtisadi asılılığıdır.

Arkadi Dubnov hesab edir ki, problemlər hər kəsə bəllidir: ünvanına deyilən bütün təriflərə baxmayaraq bu yaxınlarda beş yaşı tamam olmuş Avrasiya İqtisadi Birliyi xüsusi nailiyyətlər əldə edə bilməyib.

Təşkilatın ticarət dövriyyəsi digər partnyorlarla, ilk növbədə Aİ və Çinlə xarici ticarət faizləriylə ölçülür.

Kremllə münasibətlər

Bu məsələdə situasiya Tokayev üçün daha əlverişlidir.

Nazarbayevdən sonra Qazaxıstanın hansı istiqamətə yönələcəyilə bağlı son illər Kremldə aşkar narahatlıqlar vardı.

Nazarbayevin hakimiyyətdən getməsinin səbəbi o deyildi ki, həm də Qazaxıstandakılar rahat nəfəs alsınlar, amma hakimiyyətin ötürülməsi nə qədər simvolik olmuş olsa belə, bu, dəyişiklərlə bağlı müəyyən ümidlər yaradıb - Arkadi Dubnov belə hesab edir.

Moskvada əmin oldular ki, yeni prezident "öz adamlarıdır". Tokayev Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, az qala rusca qazaxcadan daha yaxşı danışır.

Bundan başqa, xüsusi xidmət orqanlarının Nazarbayevin tabeçiliyində qalması faktı da Moskva üçün önəmli faktorlardan biridir.

"Bütün əlamətlər göstərir ki, Moskva əlavə bir neçə il də vaxt qazandı" - Dubnov belə deyir.

Dosım Satpayev xatırladır ki, 2014-cü ildə Krımın işğalından sonra Qazaxıstan cəmiyyətində anti-Rusiya ovqatı güclənməyə başlayıb. Amma hakimiyyət və elita sabit olduğu müddətcə bu, Rusiya üçün ciddi təhlükə təşkil etmir.

Hərçənd Satpayev onu da qeyd edir ki, gələcəkdə Tokayev və onun komandası üçün problemlər yarana bilər: Qazaxıstan rəhbərliyi Rusiyayla mehriban qonşuluq və əməkdaşlıq əlaqələri saxlamağa çalışacaq, cəmiyyətsə buna görə hakimiyyətə ciddi təzyiq edəcək.

Yeri gəlmişkən, bu problem Çinlə münasibətlərə də aiddir.

Pekinlə münasibətlər

Çinin bu regiondakı xarici siyasəti ənənəvi olaraq uzunmüddətli iqtisadi əməkdaşlığa hesablanıb.

Bu baxımdan Qazaxıstan prezidentinin soyadı Pekin üçün prinsipial əhəmiyyət daşımır. Əsas məsələ bu ölkədən Çinin iqtisadi maraqlarına zərbə dəyməməsidir.

Nazarbayev Moskva və Pekinlə yaxşı münasibətlər qura bilmişdi. Tokayev də bunu bacaracaqmı?

Arkadi Dubnov deyir ki, Mərkəzi Asiyaya münasibətdə yazılmamış qanun var - regionun təhlükəsizliyini Rusiya, iqtisadi rifahını Çin təmin edir.

Ancaq burda Çinə şübhəylə yanaşırlar, həm də təkcə Qazaxıstanda yox, Qırğızıstanda da.

"Bir kəmər, bir yol" layihəsiylə bağlı Çin hökumətinin göstərdiyi israrlılıq bölgə paytaxtlarında narahatlıq doğurub. Ümumiyyətlə, Xi Jinping-in

bu nəhəg layihəsi son zamanlar iştirakçı dövlətlərin bir çoxunda öz populyarlığını itirib.

Bundan başqa, iki vacib təsir agenti - Çin və ABŞ arasında gedən ticarət müharibəsi Astananı dünyanın bu iki böyük iqtisadiyyatıyla münasibətləri pozmamaq üçün manevr etmək məcburiyyətində qoyub.

Moskva, Pekin və Vaşinqtonla münasibətlərdə balansı qoruyub saxlamaq bu ölkələrin indiki rəhbərliyi dövründə müşkül məsələyə çevrilib.

Amma yaxın illərdə problemi yəqin ki, Nursultan Nazarbayev həll edəcək. Əvvəllər o bu işin öhdəsindən gələ bilirdi.

Xəbərlər