547
Rəylər 9 yanvar — 17:22

Tiqran Hzmalyan: “Ermənistan müstəqil və suveren dövlət deyil”

Ermənistan Avropa Partiyasının başçısı, kinorejissor Tiqran Hzmalyan hesab edir ki, Ermənistanı müstəqil ölkə adlandırmaq olmaz, çünki onun sərhədlərini Rusiya qoşunları qoruyur, iqtisadiyyatı da Rusiyaya məxsusdur.

Bu bəyanatı Hzmalyan Rusiya Federasiyasının Gümrüdə yerləşən 102-ci hərbi bazasının qarşısında keçirilməsi planlaşdırılan matəm və etiraz aksiyasını şərh edərkən verib. Aksiya yanvarın 12-də - rusiyalı hərbçi Valeri Permyakov tərəfindən Avetisyan ailəsinin qətlə yetirilməsinin 4-cü ildönümündə və ölümündə 102-ci bazanın hərbçisinin ittiham edildiyi Cülyetta Qukasyanın qətlinin 40-cı günündə keçiriləcək.

“Bu aksiya siyasidən çox, humanitar xarakter daşıyır, - virtualaz.org xəbər verir ki, bunu Hzmalyan “a1plus.am” portalına deyib. – Bu dəfə biz siyasi tələblər irəli sürməyəcəyik, səssiz, şüarsız, şam və ölənlərin fotoşəkilləri ilə aksiya keçirəcəyik.

Bu cür aksiyalar davamlı olacaq. Biz qarşımıza yalnız Rusiya bazasının Ermənistandan çıxarılması məqsədini deyil, həm də ölkəmizin müstəmləkə vəziyyətindən qurtarılması məqsədini qoymuşuq. Bu isə yalnız 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin ləğvi ilə ola bilər”.

Ermənistan-Rusiya münasibətlərindən danışarkən Tiqran Hzmalyan bildirib ki, Ermənistan Rusiya tərəfindən işğal edilmiş və müstəmləkə olan ərazidir.

“Ermənistan hələ müstəqil və suveren dövlət deyil, - siyasi xadim əminliklə bildirir. – Qəribə də olsa, BMT üzvü olmaq, müstəqillik gününü qeyd etmək və bununla birlikdə müstəmləkə kimi qalmaq mümkündür. Əgər iqtisadiyyatın nəhəng bir hissəsi başqa ölkəyə aiddirsə, həmin ölkənin qoşunları sərhəddə durubsa, Ermənistan-Rusiya münasibətlərindən danışmaq ciddi olmaz, bu, təhkimçi, vassal münasibətləridir”.

Moskva ilə Yerevanın Ermənistan ərazisində xarici hərbçilərin olmaması barədə hazırladıqları sənəd barədə məlumatı şərh edərək Hzmalyan bunun belə də olacağına ümid etdiyini deyib.

“Bu müqavilənin imzalanmasına şad olardım. Hazırda Ermənistanda olan yeganə xarici ordu Rusiya ordusudur”, - o, sözlərini belə yekunlaşdırıb.

Xəbərlər