516
Rəylər 7 dekabr — 17:24

Nazir: “İran neft hasilatını azaltmaq fikrində deyil”

İndiki vəziyyətdə İran neft hasilatını azaltmaq fikrində deyil.

Bu sözləri İranın neft naziri Bijən Namidar Zəngənə OPEK-in iclasında deyib. Bildirib ki, İrana qarşı tətbiq olunmuş iqtisadi sanksiyalar aradan qaldırılmayana qədər İran hasilatı davam etdirəcək və dünya bazarına əvvəlki kimi neft ixrac edəcək. Nazir diqqətə çatdırıb ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi İranın günahı üzündən baş verməyib. Ona görə da İran başqalarının məsuliyyətini öz üzərinə götürmək istəmir. Bazardakı qiymətləri qeyri-sabit vəziyyətə salan dövlətlər hasilatlarını azaltmalıdırlar.

Xatırladaq ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar OPEK dövlətləri Vyanada toplaşaraq məsələni müzakirə edirlər. Kartelə üzv dövlətlərə təklif olunur ki, gündəlik neft hasilatı 1 milyon barrel azaldılsın və bazardakı qiymət sabitləşsin. Lakin İran hasilatı azaltmaq fikrində olmadığını bəyan edib. İranın bu mövqeyinin əsaslı səbəbi var. Sanksiyalara məruz qalan İranın milli valyutası dəyərdən düşüb, ölkə iqtisadiyyatı heçdə yaxşı dövrünü yaşamır. Neft isə ölkəyə valyuta gətirən yeganə ixrac məhsuludur. Onun ixracı azalsa, İranda iqtisadi vəziyyət həddən artıq dərəcədə gərginləşər. Buna görə də İran hasilatı azaltmaqdan imtina edir.

OPEK-in iclası hələ davam edir. Yekun qərarın nədən ibarət olacağı yaxın günlərdə bilinəcək.

Xəbərlər