1025
Rəylər 6 dekabr — 09:57

Azərbaycan Müdafiə Nazirliyi:"Biz "Bal" almaq niyyətində olmamışıq..."

Virtualaz.org dünən xəbər vermişdi ki, Rusiya “Bal-E” sahil mənzilli raket komplekslərini Azərbaycana satmaqdan imtina edib. Bu barədə “Kommersant” hərbi-sənaye dairələrindəki mənbələrə istinadən məlumat yaymışdı.

Rusiya tərəfinin belə qərarına səbəb kimi həmin raketlərin Rusiyanın Xəzər donanmasının gəmiləri üçün təhdid yaradacağı, habelə bu raketlərdən Qarabağda istifadə olunma ehtimalı göstərilirdi.

Virtualaz.org-un məsələ ilə bağlı sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, son günlər müxtəlif KİV-lərdə “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə məlumatlar yayılıb.

“Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə olunması niyyətimiz də olmayıb.

Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket kompleslərindən istifadə edilir”, - nazirlikdən qeyd olunub.

Virtualaz.org

Xəbərlər