393
Rəylər 14 mart — 18:41

İraq hökuməti Kürdüstan vilayətinə beynəlxalq aviareysləri bərpa etdi

Martın 14-də İraqın Kürdüstan vilayətinin aeroportları beynəlxalq aviareyslər üçün rəsmən açılıb.

AzərTAc xəbər verir ki, bu barədə İraqın daxili işlər naziri bildirib.

Martın 13-də İraqın Baş naziri Heydər əl-Əbadi İraq Kürdüstanına beynəlxalq aviareyslərin bir həftə müddətinə bərpa olunması barədə fərman imzalayıb. O, Daxili İşlər Nazirliyinin Ərbil və Süleymaniyə aeroportlarında xidmət keçmiş zabitləri qarşısında çıxış edərkən uçuşların bərpasının muxtariyyət hökumətinin hava limanlarını federal hakimiyyətin idarəsinə verilməsi barədə qərarından sonra mümkün olduğunu bildirib.

Xatırladaq ki, ötən il sentyabrın 25-də İraqın Kürdüstan vilayətində müstəqillik barədə referendum keçirilib. Muxtariyyətin seçkilər və referendum üzrə ali komissiyasının məlumatına əsasən, səsvermədə iştirak edən seçicilərin 92,7 faizi müstəqilliyə səs verib. İraq hökuməti öz növbəsində referendumu qanunsuz sayıb və seçkilərin nəticələri barədə muxtariyyətin regional hökuməti ilə danışıqlar aparmayacaqlarını bildirib. Eyni zamanda Türkiyə, İran, həmçinin ABŞ və BMT səsvermənin əleyhinə çıxıb.

Referendumdan sonra İraq hökuməti kürd muxtariyyətinə qarşı bir sıra sanksiyalar tətbiq edib. Onların arasında regionda yerləşən hava limanlarına beynəlxalq reyslərin həyata keçirilməsi və qəbul olunmasına qadağalar, sərhəd keçidlərinin bağlanması və bank əməliyyatlarının məhdudlaşdırılması da yer alıb.

Oktyabrın 16-da isə İraqın Baş naziri Heydər əl-Əbadi Kürdüstanla mübahisəli regionlarda, o cümlədən muxtariyyətin tərkibinə daxil olmayan Kərkükdə təhlükəsizliyin və sabitliyin bərpa olunması üzrə tədbirlərin başlanmasına göstəriş verib.

İraq ordusu bir sutkadan da az müddət ərzində Kərkük şəhəri və onun ətrafı üzərində nəzarətə yiyələnə bilib. Həmçinin Kərkükün bütün neft yataqları da hökumət qüvvələrinin nəzarətinə keçib.

Xəbərlər