1612
25 fevral — 01:34

Mehriban Əliyeva şirkət və sahibkarlara çağırış etdi

Fevralın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub.

Virtualaz.org saytı xəbər verir ki, tədbirdə məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət də müzakirə edilib.

Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son illər ölkəmizdə iqtisadi yüksəlişin bütün sahələrdə özünü büruzə verdiyini, təhsilin inkişafına göstərilən diqqətin və bu sahəyə ayrılan vəsaitin artdığını bildirib. Qeyd edib ki, son 10 ildə ölkədə 2700 məktəb inşa olunub və ya əsaslı təmir edilib. Bununla da 1 milyondan çox şagirdin təhsil almaq şəraiti yaxşılaşdırılıb.

Mehriban Əliyeva 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunduğunu qeyd edərək deyib ki, hazırda böyük infrastruktur layihələrinin icrasına cəlb olunmuş Azərbaycan şirkətlərinin və sahibkarlıq subyektlərinin sosial məsuliyyəti artmalı, işgüzar dairələr sosial layihələrdə iştirak etməlidir.

Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblərin yenidən qurulacağını və ölkədə bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını deyən Mehriban Əliyeva fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsindən də danışıb, bu çərçivədə 32 internatın və uşaq evinin yenidən qurulduğunu və layihənin icrası zamanı Heydər Əliyev Fondunun özəl sektorla gözəl işbirliyi yaratdığını diqqətə çatdırıb.

Artıq Heydər Əliyev Fondunun yeni layihəyə start verdiyini bildirən Mehriban Əliyeva deyib ki, ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac var: “Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”.

Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqini apardığını, ilkin mərhələdə bu monitorinqin paytaxtı əhatə etdiyini, gələcəkdə onun bütün ölkədə aparılacağını qeyd edib. Azərbaycanın birinci xanımı ümidvar olduğunu bildirib ki, fond tərəfindən icra edilən digər layihələr kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurla icra olunacaq.

Sonra Heydər Əliyev Fondunun apardığı monitorinqin nəticələri təqdim olunub. Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verilib. Bildirilib ki, paytaxtda 414 belə müəssisə var. Onlardan 137-nin əsaslı təmirə ehtiyacı var, 11-i isə qəzalı vəziyyətdədir. Hazırda 133 məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılır.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirib. Bildirib ki, məcburi köçkünlər üçün salınan 83 qəsəbədə 28 min şagird yerlik 140 orta məktəb, 50 uşaq bağçası tikilib. Yaxın iki ayda isə Bakı şəhərindən bağçalarda məskunlaşan 133 ailənin yeni mənzillərə köçürülməsi gözlənilir.

Təhsil naziri Mikayıl Cabbarov Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun yeni təşəbbüsünə görə minnətdarlığını bildirib. Nazir məktəbəqədər təhsilin uşaqların formalaşmasındakı rolundan, bu müəssisələrdə mövcud problemlərin aradan qaldırılmasından danışıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırda Bakıda 345 məktəbəqədər təhsil müəssisəsində 36 min 977 uşağın təlim-tərbiyə aldığını, 174 uşaq bağçasının tam təmir olunaraq burada lazımi şəraitin yaradıldığını, bu il 34 yeni uşaq bağçasının təmirdən sonra istifadəyə veriləcəyini deyib. O, qeyd edib ki, bununla belə statistik məlumatlara görə, 1 yaşından 5 yaşınadək 157 min 349 uşağın bağçaya ehtiyacı var. Yəni hazırda bu yaşda uşaqların yalnız 23,4 faizi uşaq bağçalarında təlim-tərbiyə alır. Bununla da 6 qrupluq 1105 uşaq bağçasına ehtiyac var.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı ilə bağlı təşəbbüsə qoşulmağın onun üçün şərəf olduğunu deyib, erkən təhsilin vacibliyindən, bu sahəyə qoyulan investisiyaların böyük nəticələr verdiyindən danışıb.

Yeni proqramın təqdimatına yekun vuran Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva səslənən bütün fikir və təkliflərin nəzərə alınacağını vurğulayıb. Mehriban Əliyeva təhsili vacib strateji sahə adlandıraraq həm fondun, həm dövlət qurumlarının, həm də özəl sektorun köməyi ilə böyük nailiyyətlər əldə ediləcəyini vurğulayıb.

Heydər Əliyev Fondunun əməkdaşlığa hazır olduğunu diqqətə çatdıran Mehriban Əliyeva deyib ki, bu il mayın 10-da Heydər Əliyev Fondunun 10 ili tamam olur: “Bu illər ərzində, əlbəttə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çox fəal iştirak edib. Bir çox layihələr, proqramlar icra edib. Qısa söyləsəm, bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, 10 il ərzində biz Azərbaycan xalqının hörmətini, dəstəyini qazanmışıq. Bizə inanırlar”.

Heydər Əliyev Fondunun prezidenti bir daha əminliklə vurğulayıb ki, birgə səylər nəticəsində digər layihələr kimi, bu proqram da uğurla icra olunacaq.

Virtualaz.org

Xəbərlər