154
Ölkə 6 Dekabr 2021, 16:21

Nazirlik bəzi bölgələrdə daş karxanalarını yoxladığını açıqlayır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu yaxınlarda bölgələrdə fəaliyyət göstərən daş karxanalarında monitorinqlər keçirib, bir neçə karxananın fəaliyyətində nöqsanlar aşkarlanıb, protokollar tərtib edilərək tədbir görülməsi üçün aidiyyatı orqanlara göndərilib.

Nazirlikdən virtualaz.org-a bildiriblər ki, nazirliyin  tabeliyində yaradılmış Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən noyabr ayında Gəncə-Daşkəsən, Qazax-Tovuz iqtisadi rayonlarında, eləcə də Yevlax, Lənkəran, Ağstafa, Qazax, Tovuz və Şəmkirdə yerləşən karxana sahələrində monitorinqlər aparılıb, pozuntular aşkarlanıb. Ümumilikdə,  ötən illər ərzində respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində  hüquqi və fiziki şəxslər tərəfindən yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş norma və qaydaların kobud surətdə pozulması, ətraf mühitə, infrastruktur obyektlərinə (su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə, körpülərə, yüksək gərginlikli elektrik xətlərinə, neft və qaz kəmərlərinə) ciddi təhlükənin yarandığı müəyyən edilib . Hidrogeoekoloji vəziyyəti qeyri-qənaətbəxş olan “Tərtərçay”, “İmişli”, “Bəhrəmtəpə-I”, “Bəhrəmtəpə-II”, “Qaraçay”, “Qudyalçay”, “Vəlvələçay”, “Talıbqışlaq” qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinə verilmiş icazə sənədləri (“Dağ-mədən ayırması” aktları) ləğv olunub. 

Bir neçə il əvvəl istismarçılara ətraf mühitə mənfi təsirin azadılması üçün müasir texnologiyalardan istifadə edilməsi ilə bağlı daş karxanalarının sahiblərinə tapşırıqlar vermişdi. Nazirlikdən bildiriblər ki, bu ilin martından yer təki sahələrinin istifadəyə verilməsi hərrac vasitəsilə həyata keçirilir. Hərraclar İqtisadiyyat Nazirliyinin hərrac mərkəzi ilə birlikdə yerinə yetirilir və hərracların şərtlər toplusunda əsas tələb ekoloji tələblərə əməl olunmasıdır.

“Karxana fəaliyyəti ümumiyyətlə, ətraf mühitə zərərli təsir göstərən fəaliyyət olduğuna görə zərərin vurulması qaçılmazdır. Bununla belə, son illər ərzində bu sahəyə nəzarət gücləndirilib”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, hazırda ölkədə müvafiq icazə sənədləri ilə fəaliyyət göstərən 300-ə qədər karxana mövcuddur.

virtualaz.org

Xəbərlər