682
Ölkə 1 Dekabr 2021, 12:34

Qaraheybətdəki qəzada şəhid olan zabitlər II Fəxri Xiyabanda torpağa tapşırıldı

 14.43

Qaraheybət poliqonu üzərində qəzaya uğramış vertolyotda şəhid olan sərhədçi zabitlər II Fəxri Xiyabanda dəfn olunur. Şəhidlərin torpağa tapşırılmasında onların yaxınları, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.

13.32

Vertolyot qəzasında şəhid olan zabitlərlə vida mərasimi bu dəqiqələrdə başa çatıb, şəhidlərin cənazələri son mənzilə yola salınır. Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və digər generallar çıxış ediblər. Şəhidlər II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

12.53

“Qaraheybət” poliqonunda baş vermiş vertolyot qəzası şəhidləri ilə Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində keçirilən vida mərasiminə hökumət və dövlət rəsmiləri gəlməkdə davam edir. Bu dəqiqələrdə müdafiə sənayesi naziri Mədət Quliyev, Bakı şəhərinin rəhbəri Eldar Əzizov və digər rəsmilər mərasimə qatılıb. Zalda əvvəlcə "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib, daha sonra bir dəqiqəlik sükut elan edilib. Ardınca şəhidlərin biqorafiyası, keçdikləri döyüş yolu və xidmətləri barədə məlumat xarakterli çıxış başlayıb. Bu məlumatları Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Ayaz Hüseynov təqdim edir. 

12.34

“Qaraheybət” poliqonunda baş vermiş vertolyot qəzası şəhidləri ilə vida mərasimi zamanı sarsıdıcı anlar yaşanır. Əməkdaşlarımız Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində hazırda davam edən vida mərasimindən xəbər verir ki, şəhid kapitan Cavid Bayramlının yaxınları fəryad edir, saçlarını yolur, DSX-nin rəhbər şəxsləri şəhidin yaxınlarını sakitləşdirməkdə çətinlik çəkirlər.

Bu dəqiqələrdə şəhid zabitlərin cənazələri zala gətirilir və tribuna önündəki postamentlərin üzərinə düzülür. Sözlə ifadə olunması mümkün olmayan sarsıdıcı məqamlardır...

***

Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində ötən gün Xızıdakı “Qaraheybət” poliqonu üzərində qəzaya uğramış Mi-17 vertolyotunda şəhid olan zabitlərlə vida mərasimi başlayıb. Əməkdaşımız xəbər verir ki, vida mərasimində Dövlət Sərhəd Xidmətinin və digər güc strukturlarının rəhbərliyi, şəhidlərin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir. Şəhidlərin cənazələri qoymaq üçün tribuna önünə postamentlər yerləşdirilib.

Xatırladaq ki, qəzada polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu,  kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam  Əlixan oğlu, kapitan Qaraisayev Teymur  Ənvər oğlu, leytenant  Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu şəhid olublar.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.

Xəbərlər