1140
Ölkə 28 Noyabr 2021, 12:21

Aşağı Bucaq kəndində müəmmalı yanğın: sahibkar qadını qətlə yetirib sonra yandırıblar?

Kiçik sahibkarlıqla məşğul olan 53 yaşlı Səidə Hüseynova bu il aprelin 14-də Yevlax rayonunun Aşağı Bucaq kəndində, özünə məxsus olan cücə sexində baş verən dəhşətli yanğında büsbütün yanaraq ölüb.  Mərhumun bacısı Rahilə Əhmədova yanğının qəsdən törədildiyini,  S.Hüseynovanın isə xüsusi amansızlıqla qətlə yetirildiyini iddia edir.

virtualaz.org-un xəbərinə görə, o vaxt yayılan rəsmi məlumatlara əsasən,  yanğın zamanı ümumi sahəsi 30 kvadratmetrlik birmərtəbəli evin yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 520 kvadratmetr olan cücə sexi yanıb. İnkubator aparatları, xeyli sayda yumurta yanaraq yararsız hala düşüb. Sexə bitişik olan evin içərisindən isə 53 yaşlı Səidə Hüseynovanın yanmış meyitinin qalıqları aşkarlanıb.

Yanan cücə sexi

Təsadüfi yanğın, yoxsa sahibkarın müəmmalı qətl?

 Rahilə Əhmədova deyir ki, bacısı Səidə kiçik sahibkarlıqla məşğul olub, cücə saxlayıb, onların satışını həyata keçirib. Yanğının baş verdiyi tikili yaşayış otağından, inkubator otağı və cücə saxlanılan otaqlardan ibarət olub.

 “Bacım uzun illərdir cücə istehsalı ilə məşğul olurdu. Hadisə günü inkubatorda çoxlu sayda yumurtalar olub. İnkubator vasitəsilə cücə istehsalına nəzarət edilmədikdə bu, cücələrin tələf olmasına səbəb ola bilər. Nəticədə isə bacım külli miqdarda zərərə uğrayardı. Ona görə də yanğın zamanı Səidənin yatması və yuxudan ayılmayaraq yanması mümkünsüzdür”, - o hadisənin məhz cinayət olduğuna əminliklə deyir.

Mərhum Səidə Əhmədova

R.Əhmədova iddia edir ki, yanğının baş verdiyi gecə bacısı tamah məqsədilə öldürülüb, cinayətin izini itirmək üçün həm cücə sexi, həm də ev yandırılıb.

 ”Bacımın maddi imkanı həmişə yaxşı olub. Qızıl-zinət əşyalarına həddən çox maraq göstərdiyindən çoxlu qızılları, brilyantları vardı, sexindəki dəmir seyfdə saxlayırdı.  Pullarını, qızıllarını da oraya yığardı. Bir yerə gedəndə isə qızılları özüylə çantasında gəzdirərdi. Mənim bacım hansısa şəxs və ya şəxslər tərəfindən  tamah məqsədilə öldürülüb. Qızıl-zinət əşyaları, pulları oğurlanıb, özü isə yandırılıb. Meyitin fotoşəkillərindən də açıq-aydın görünür ki, başından xəsarət alıb, kəlləsində hansısa küt əşyanın dəyməsi nəticəsində yaranmış batıq var. Halbuki yanğın barədə məlumat aldıqdan sonra hadisə yerinə gəldiyimiz zaman bacımın cəsədinin üzərində hər hansı ağır əşyanın düşməsinin şahidi olmamışdıq”, - o bildirir.

“Benzin töküb yandırıblar, sonra qapıdan çıxıb qaçıblar”

Məhrumun bacısının sözlərinə görə, Səidə ailə üzvləri istisna olmaqla heç kimi sexin içərisinə buraxmayıb. Əgər kimsə cücə almağa gələrdisə həmin şəxsi ya sahənin dəmir qapısının yanındakı dəmir çərçivəli pəncərədən, ya da cücələrin saxlanıldığı otaqlardakı pəncərələrdən qəbul edib yola salarmış.

“Cücələri pəncərədən satırdı. Sahənin giriş qapısı həmişə içəridən dəmir keçəcəklə bağlı olardı. Qapı içəridən bağlı olanda çöldən açmaq qeyri-mümkündür. Amma yanğın zamanı oraya gələndə giriş qapısının açıq olduğunu gördük. Əgər həmin qapı bacım tərəfindən açılmış olsaydı o zaman bacım sağ olmalıydı. Çünki qapıya çatıb onu açan insan geriyə-yanğın yerinə geri qayıtmaz, qaçıb canını qurtarardı. Bacımın yanmış meyiti qapıdan kifayət qədər aralıdakı otaqda idi. Qapısının açıq olması onu deməyə əsas verir ki, bacımı öldürən şəxs və ya şəxslər  sahəyə benzin töküb yandırıblar, sonra isə qapıdan çıxıb qaçıblar. Əgər həmin şəxslər Səidənin özü tərəfindən sahənin içərisinə buraxılıbsa, deməli onları tanıyıb, inandığı adam olub”, - Rəhilə Əhmədova belə məntiqi mühakimə yürüdür.

“Seyfin bağlanmadığını, qızılların və pulların seyfdə olmadığını biliblər...”

 Mərhumun yaxınları bildiriblər ki, yanğından bir həftə öncə Səidə pulları və qızılları saxladığı seyfin açarını itirib. Açarı tapa bilməyəndə məcbur olub usta çağırıb, bir neçə şəxsin (həmin şəxslərin kimliyi R.Əhmədovaya məlumdur-red.) iştirakı ilə seyfi kəsdirərək qızılları, brilyantları, pulları oradan çıxarıb. Yanğın hadisəsi isə məhz seyfin qapısı kəsildikdən sonra baş verib.

R.Əhmədova deyir:  “Qızılların, pulların seyfdə saxlanmadığı müəyyən şəxslərə məlum olduqdan sonra yanğının baş verməsi bacımın tamah niyyəti ilə öldürüldüyünü deməyə əsas verir. Qızıl-zinət əşyaları seyfdə olsaydı qatillər seyfi sındırmalı, bu mümkün olmadıqda isə özləri ilə aparmalı olacaqdılar. Bu halda hər şey açıq-aydın görünəcəkdi. Hazırda isə hadisəni törədən şəxslər məhz seyfin qapısının bağlanmadığından, bu səbəbdən də qızılların, pulların seyfdə olmadığından tam məlumatlı olublar”.

 “Benzin iyindən meyitə yaxın getmək mümkün deyildi...”

R.Əhmədova həmçinin bacısının cəsədinin qalıqlarından kəskin benzin iyi gəldiyini deyir. Bildirir ki, benzin iyindən meyitə yaxın getmək mümkün deyildi. Və onun fikrincə, təkcə elə bu faktın özü Səidənin öldürüldüyünü, daha sonra üzərinə benzin tökülərək yandırıldığını deməyə əsas verir. Yanğından Mühafizə Xidmətinin əməkdaşları da təsdiq ediblər ki, yanğın Səidənin yatdığı otağının döşəməsindən başlayıb. Həmin otağın döşəməsinin altından isə heç bir elektrik naqili keçmirdi. Yanğın baş verən gün otaqda elektrik qızdırıcısı da olmayıb. Belə olan halda yanğının döşəmədən başlaması yalnız döşəməyə benzin və ya başqa alışdırıcı maddənin tökülməsi səbəbindən baş verə  bilərdi.

Cinayət işi niyə səhlənkarlıq maddəsi ilə açılıb?

Zərərçəkmişin hüquqi varisi R.Əhmədova deyir ki, Səidənin külli miqdarda pulu, qızılı olduğu halda hadisə yerindən yalnız ona məxsus 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbağ və 1 ədəd sırğa tayı tapılaraq onlara təhvil verilib.

 “Bacımın bir kiloqramdan çox qızılları tapılmadı. Amma tamah niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə deyil, səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıldı. Müstəntiq özü açıq şəkildə mənə dedi ki, bu cinayət işi işıq və ya qaz idarəsinin hansısa əməkdaşının günahsız həbs olunması ilə “bağlanacaq”. Yəni, kimisə təqsirkar çıxaracaqlar, işi də bağlayıb kənara atacaqlar. Hətta onu da dedilər ki, yanğının qaz sızması nəticəsində baş verməsi barədə ekspertiza rəyi tələb ediblər. Həmin rəyi alan kimi işi bağlayacaqlar. Halbuki qaz sızması nəticəsində əvvəlcə yanğın deyil, partlayış baş verir. Prokurorluq əməkdaşlarının özlərinin də gördüyü kimi yanğın baş verən gün sexdə heç bir partlayış olmayıb”, - R.Əhmədova bildirir.

“Bu hadisəyə necə yanğın demək olar?”

Mərhumun yaxınları əsl cinayətkarın tapılıb cəzalandırılmasını istəyirlər. Deyirlər ki, onlar kiminsə günahsız yerə həbs olunmasını istəmirlər. İstədikləri odur ki, əsl cinayətkar tapılsın.

“Bu qədər faktın qarşısında bu yanğını guya hansısa texniki səbəbdən baş vermiş yanğın hadisəsi kimi necə qiymətləndirmək olar? Hətta mənə məlum olub ki, hadisəni araşdıran ekspert sonda hadisənin kənardan gətirilmiş alışdırıcının təsirindən yarandığı nəticəsinə gəlib. Belə olan halda bu hadisəyə necə yanğın demək olar? Mən 59 yaşlı savadsız qadınam, bu qədər şübhəli məqamları, faktları görə bilirəm, amma ali təhsilli, təcrübəli hüquqşünas generallar mənim gördüklərimi görə bilmirlər?”, - mərhumun bacısı deyir.

R.Əhmədova qardaşı Musa Hüseynovun torpaqlarımız uğrunda şəhid olduğunu, atasının övladının şəhid olmasını həmişə özünə şərəf bildiyini, amma Səidənin başına gələn müsibətə dözməyərək cəmisi bir aydan sonra öldüyünü də bildirir.

O,  bacısının müəmmalı ölümü ilə bağlı  aidiyyatı orqanlara müraciət edərək işin obyektiv araşdırılması üçün köməklik göstərilməsini xahiş edir.

 “Onkoloji xəstəyəm, nə qədər ömrüm qalıb, bilmirəm. Bu gün həyatda istədiyim tək şey şəhid qardaşımın, öldürülən bacımın və bacımın öldürülməsinə dözməyib ürəyi dayanan atamın hüzuruna alnıaçıq getməkdir. Bacımın qanını elə bacımın ölümünə səbəb olmuş pulları ilə batırırlar. İstədiyim odur ki, bacımı öldürən şəxs və ya şəxslər tapılsın, doğma övladım belə olsa, ona ən ağır cəza verilsin. Şəhid ailəsi olaraq artıq dərəcədə xahiş edirik ki, bacımın qanının batırılmasına imkan verməyəsiniz”, - R.Əhmədova bildirir...

İnarə Rafiqqızı

virtualaz.org

 

Xəbərlər