397
Ölkə 25 Noyabr 2021, 16:58

Cəlilabadlı Saməddin kimdir və niyə tutulub...

Sentyabrın 27-də həbs edilən Cəlilabad rayon sakini, özünü bloger kimi qələmə verən Saməddin Məmmədovun oğlanları bu gün - noyabrın  25-də Bakıda etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bundan əvvəl də onun ailə üzvləri Bakıdakı xarici ölkə səfirlikləri qarşısında aksiya keçirməyə cəhd göstərmişdilər.

Bəs Saməddin Məmmədov kimdir və nəyə görə həbs olunub?

Cəlilabad rayon sakini olan 50 yaşlı Saməddin Məmmədov indiyə kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə həbs olunub və 8 il məhkumluq həyatı yaşayıb. O, rayonda reketlik, hədə-qorxu yolu ilə pul tələb etmə və digər kriminal fəaliyyəti ilə tanınır, amma bu fəaliyyətini pərdələmək üçün özünü ictimai-siyasi fəal və bloger kimi təqdim edir.

Lakin S.Məmmədov əvvəllər İrandan Azərbaycana qanunsuz və gizli yollarla narkotik daşımaqla narkotiklərin qaçaqmalçılığı və satışı ilə məşğul olub. Onun oğulları Amid və Nahidin də  adları kriminal fəaliyyətdə hallanır. 26 yaşlı Amid hələ 2014-cü ildə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. İkinci oğlu, 25 yaşlı Nahid isə 2019-cu ildə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkumluq həyatı yaşayıb.

Saməddin Məmmədov öz kriminal həyat tərzinə oğlanlarından başqa, kürəkənini də qoşub. Kürəkəni 37 yaşlı Rəşad Ağaşov da 2019-cu ildə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.

Saməddin Məmmədovun son həbsinə səbəb olan hadisə isə sentyabr ayında baş verib, o rayon sakininə xəsarət yetirib və tutulub.

Rayon hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, sentyabrın 27-də, şəhidlərin Anım Günündə,  səhər saat 10 radələrində S.Məmmədov özü, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədov rayonun Məşədivəlli kənd sakini Elşən Cəfərova qarşı xuliqanlıq ediblər, döyüblər və xəsarət yetiriblər. Bu hadisə Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında baş verib. Davanın motivi isə Elşən Cəfərovun Saməddin Məmmədov və oğlu barədə sosial şəbəkələrdə hansısa paylaşım etməsi olub. Dava zamanı Saməddin təpiklə Elşənin sifət nahiyəsindən zərbə endirib və onun burnunu sındırıb.

Faktla bağlı CM-nin 127.1 və 221.2.1-ci maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov saxlanıb. Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

virtualaz.org

Xəbərlər