123
Ölkə 23 Oktyabr 2021, 21:21

Fövqəladə Hallar Nazirliyi 9 ay ərzində gördüyü işin statistikasını açıqladı

2021-ci ilin 9 ayı ərzində respublika ərazisində ümumilikdə 13231 təbii və texnogen mənşəli hadisə baş verib. Hadisələr zamanı FHN-in qüvvələrinin effektiv fəaliyyəti sayəsində bilavasitə 36 nəfərin həyatı xilas edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 17 nəfər və ya 89 faiz  çox deməkdir.

Həmçinin, hesabat dövründə baş vermiş hadisələrlə bağlı FHN-in qüvvələri tərəfindən 496 nəfər təxliyə edilib ki, bu da ötən illə müqayisədə 113 nəfər və ya 30 faiz çoxdur. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu ilin 9 ayı ərzində baş vermiş təbii və texnogen mənşəli hadisələr zamanı ümumilikdə 36 nəfər, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz daha az insan həyatını itirib. Həmçinin, 159 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hesabat dövrünün təhlili onu göstərir ki, baş verən hadisələrin böyük əksəriyyəti insan faktorunun rol oynadığı texnogen mənşəli hadisələrin, xüsusilə yanğınların payına düşür. Ona görə də Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə diqqətli olmağı, böyük faciələrə yol aça biləcək hadisələrin qarşısını vaxtında almaq üçün məsuliyyətli davranaraq təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyyə edir.

Xəbərlər