851
Ölkə 26 Sentyabr 2021, 15:04

Bal var, alıcı yoxdur, nəticədə pul da yoxdur, hamı yarmarkanı gözləyir

Pandemiyadan əvvəl hər il ənənəvi olaraq sentyabrın  sonları-oktyabrın əvvəlləri Bakıda təşkil olunan bal yarmarkaları cənub bölgəsindən olan arıçıların da əsas illik qazanc mənbəyi idi. virtualaz.org qeyd edir ki, ötən il bəlli səbəblərdən Kənd Təsərrüfatı Nazirliyi yarmarkanı təşkil etməyib. Bu il isə karantin rejiminin yumşaldılmasının növbəti mərhələsinin açıqlanmasından sonra yarmarkanın bir qədər gec-oktyabrın sonlarında, noyabrın əvvəllərində keçiriləcəyi açıqlanıb.

Nazirlik bildirir ki, Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə oktyabrın 20-dən noyabrın 7-nə kimi arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Açıqlamaya görə, yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. “Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edə biləcəklər. Bal istehsalçıları iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər”, məlumatda qeyd edilir.

Hələlik isə cənub bölgəsinin arıçıları hasil etdikləri balı satmaqda çətinlik çəkirlər. Çünki bölgənin yerli bazarlarında bala tələbat çox azdır. “Azadlıq” radiosunun bildirdiyinə görə,  Astara rayonunun Pensər kəndindəki həftəlik bazarda bal satan bir satıcının gileyi də müştəri qıtlığı ilə bağlıdır. Deyir hətta elə olub ki, evdə məhsulu ola-ola yeni dərs ilində uşaqlarına məktəb ləvazimatları almaq üçün başqa adamdan borc almalı olub.

“Ucqar dağ kəndindənəm. Bazara gəlmək çətindir. Hər il yarmarka olurdu, orada 500 kiloqrama qədər bal satardım. İranın qapısı açıq idi. Ordan ucuz bal gətirib burada satırdılar. İndi bu problem yoxdur. Amma yenə balımızı sata bilmirik. Qışa az qalıb, balı satmalıyıq ki, lazım olan dərmanları alaq. Dağda qış sərt keçir, yollar bağlanır. Ərzaq tədarükü görürük. Məktəbli uşaqlarım üçün paltar, dərs ləvazimatlarını borc edib almışam. Səhərdən bir kiloqram bal satmışam”,-kəndli deyir.

Astara rayonunun Miki kəndindən olan arıçı Habil İbrahimov isə yarmarka olmadan da hasil etdiyi balı satmaqda çətinlik çəkmədiyini deyir. Çünki əmindir ki, onun balı təmizdir və müştəriləri var.

“Əllərdə çoxlu bal qalıb. Mənim belə problemim yoxdur. Kəndimizdə hər iki nəfərdən biri arı saxlayır. Qazancları da ondandır”,-o bildirir.

Miki sakini deyir ki, yüzdən çox arı ailəsi saxlayır: “Məhsulun yaxşı olması iqlimlə bağlıdır. Elə il olur 2 ton bal götürürəm. 4 ton bal götürdüyüm il də olub. Mən şəkər vermirəm, ona görə az bal götürürəm. Ailəmi balla saxlayıram. İnəyim də var. Ucqar dağ kəndlərində yaşayanlar ballarını sata bilmirlər. Elə kənd var ki, arıçı mərkəzə gəlmək üçün bir gün itirməlidir. O nə satacaq ki, yer pulu versin, yeməyə pul versin. Allaha and olsun ki, arıçıların çoxu bu yarmarkaya bel bağlayır.”

Masallı rayonunun Təklə kənd sakini Səmədağa Həmidov isə alıcınının olmamasını bir çox hallarda balın saxta olması ilə izah edir.

“Hər kəsə deyirəm ki, arıya şəkər tozu verib, məhsulu elə satırsa düz iş görmür. Alıcıları bizdən uzaqlaşdıran səbəblərdən biri də budur. 40 ildir arıçılıqla məşğul oluram. Masallı Rayon Arıçılıq Assosiasiyasının sədriyəm, heç vaxt arıya şəkər verməmişəm, bunu günah hesab edirəm. Ona görə müştərim çoxdur. Məndə 124 arı ailəsi var. Bu illəri hər arı ailəsindən 4 kiloqram bal götürürdüm. Bu illəri məhsuldarlıq az oldu. Çiçək açılan vaxtı quraqlıq oldu. Masallıda mindən çox arıçı var”,-o deyir.

Astara rayon Kənd Təsərrüfatı idarəsinin müdiri Etibar Abbasov isə deyir ki, Bakıda ənənəvi bal yarmarkasına qədər də bal satmaq üçün kənd təsərrüfatı məhsulları yarmarkalarından istifadə etmək olar.

 “Bakıda altı, bazar günləri yarmarkalar olur. Fermerlər məhsullarını orada sata bilirlər. Nazirlik orada hər şərait yaradıb. Müraciət etsinlər, pulsuz yer də verirlər. Bal yarmarkasını ona görə istəyirlər ki, birdəfəlik orada 3-4 ton məhsul satırlar. Hər qiymətə bal var. Əsasən bir kiloqramı 20-25 manata satırlar. Çiçəklərə görə balların növləri də müxtəlifdir, qiymətlərində də fərq edir”,-məmur deyir.

Astara rayonunda 1200 nəfərdən çox arıçı var, onlar 30 mindən çox arı ailəsi saxlayır.

Qeyd edək ki, Azərbaycanın ənənəvi arıçılıq bölgələrindən olan Kəlbəcərin və Laçının işğaldan azad olunması nəticəsində ölkədə bal istehsalı potensialı da kəskin artıb. Ənənəvi olaraq Kəlbəcər və Laçın bölgələrinin balı öz keyfiyyətinə, tərkibinə görə fərqlənirdi, çünki həmin bölgələrin bitki örtüyü daha zəngindir. Kəlbəcər və Laçına sakinlər hələ köçürülməsə də bu yay həmin bölgələrə minlərlə arı ailəsi köçürülmüşdü. Və arıçılar kifayət qədər bol məhsul əldə edə bilmişdilər. Məsələn, Kəlbəcərə köçürülən arı ailələrinin hər birindən orta hesabla 40-45 kiloqram bal əldə edildiyi bildirilirdi.

virtualaz.org

 

Xəbərlər