344
Ölkə 15 Sentyabr 2021, 21:10

İlham Əliyevin radikal tezisləri

Prezident İlham Əliyev Şəmkir və Cəlilabad rayonlarının yeni təyin olunmuş başçıları ilə istiqamətverici görüşündə bir sıra radikal tezislər səsləndirdi. Həmin tezislər bölgələrdə hakimiyyət sisteminin növbəti islahatlarının konturlarını cızır: ictimai nəzarətin və vətəndaş təşəbbüslərinin sistemləşdirilməsindən başlamış kənd rayonlarında kiçik və orta biznes sahəsində müsbət investisiya mühitinin formalaşmasının mexanizmlərinə qədər.

Azərbaycan neçə ildir dalbadal «Doing Business»in reytinqində yüksək mövqe tutur (məsələn, DB-2020 hesabatında biznesin qeydiyyatının asanlığı göstəricisində 9-cu yerdədir). Bu, əsasən Bakıda və Abşeron bölgəsində rəqəmləşmənin, “bir pəncərə” sisteminin işə salınmasının, hakimiyyətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin müasirləşməsinin nəticəsidir.

Azərbaycan rayonlarının reallığının tətbiqi müstəvisinə keçəndə isə başqa mənzərə yaranır. Yumşaq desək, reytinqlər statistikanı əks etdirmir.

Xaricdə çalışan azərbaycanlıların öz təsərrüfatlarına, yəni ev və ailələrinə mütəmadi pul köçürmələri kimi investisiya kanalını götürək. Əsas köçürmələr Rusiyadan olur. Onları vətəndaşların müxtəlif kəsimləri edir: buraya hər ay doğmalarına, rayon və kəndlərə göndərilən aylıq məvacib də, fermer təsərrüfatlarından əvvəllər alınmış kənd təsərrüfatı məhsullarına görə vəsaitin qaytarılması da aiddir.

Əgər 2021-ci ilin ilk yarısının göstəricilərini götürsək, köçürmələrin həcmi 260,971 milyon dollar olub.  Kiçik məbləğ deyil, yeri gəlmişkən, ötən illə müqayisədə 32,5 faiz çoxdur.  Artım meyli var. Odur ki, bu vəsaitlərin biznesə qoyulmaqla iqtisadiyyata qaytarılması üçün şərait yaradılmalıdır.

Ancaq necə?

Avadanlıqların alınmasını bacardıqca asanlaşdırmaq, rahat etmək, buna görə vergi tətbiq etməməklə. Problemlərlə, məsələn, enerji sisteminə qoşulmaqla bağlı çətinliklə yüklənməyən ailə biznesinin kütləvi azad startı üçün şərait yaratmaqla. Azərbaycanda elektrik şəbəkəsinə qoşulmaq üçün 7 prosedurdan keçmək lazımdır. Bu, 41 gün vaxt tələb edir, xərclər isə əhalinin adambaşına gəlirinin 125,7 faizinə bərabər ola bilər.

Xırda biznes isə çox vaxt fəaliyyəti ailə təsərrüfatını genişləndirməkdən ibarət olan məişət istehlakçılarıdır.

Bu cür xırda formatlarla bağlı misallar çoxdur -  pendir istehsalı müəssisəsi; quru meyvələr hazırlayan hidratorların buxar şkafları; şirə sıxan və konservasiya edən aparatlar və s.

Üstəlik, bu avadanlıqların müasir seriyaları yetərincə məişət ölçülərinə, xarakteristikasına və qiymətinə malikdir. 50 il əvvəlki kimi sexlər tikməyə, anqarlar ucaltmağa ehtiyac qalmır.

Bütün bu fəaliyyət xırda şəxsi biznes xarakteri daşıya bilər. Əsas - mane olmamaqdır.

Ancaq bir çox halda bunun tərsi baş verir. Əliyev birbaşa söylədi - tenderlərdə administrasiyaların rəhbərliyinə yaxın olan insanlar və şirkətlər qalib gəlir. Problemlərin ikinci kompleksi də illərlə uzanır. Prezidentdən sitat gətirək: "...işləmək istəyən şəxs bəzi hallarda problemlərlə üzləşir, ona qarşı əsassız tələblər irəli sürülür, ondan pay almağa çalışırlar və incidilmiş sahibkar nə iş yerləri, nə də müəssisə yaradaraq çıxıb gedir...  Buna son qoyulmalıdır.  Sahibkar əmin olmalıdır ki, o, yalnız dövlətə vergi ödəyəcək, vəssalam ".

Ümid edirik ki, prezidenti yalnız yeni təyin olunmuş icra başçıları yox, digər məmurlar da eşidəcəklər.

virtualaz.org

Xəbərlər