159
Ölkə 15 Sentyabr 2021, 18:12

İlham Əliyevin bölgələrlə bağlı strategiyasının iki səviyyəsi

Bölgələrin inkişafı Strategiyasının 2004-cü ildən başlayan beşillik proqramları sayəsində Azərbaycanın əksər rayonları həm sosial-iqtisadi inkişaf sahəsində, həm də infrastrukturuna görə müasir simasını əldə etdi.

İlham Əliyevin bölgələrlə bağlı strategiyasını iki səviyyəyə ayırmaq olar.

Birincisi - makroiqtisadi və sahələr üzrə (məsələn: 2026-cı ildə Şəmkir və Gədəbəydə bir neçə mis yatağının - Qaradağ, Xarxar və Cayırçay - istismarına başlanması planlaşdırılır). Bu cür nəhəng layihələr sahə nazirliklərinin və hökumətin birbaşa nəzarətindədir.

İkinci səviyyə artıq bölgələrin məsuliyyət sahəsinə aiddir.  Təbii ki, bu səviyyələrin sərhədləri dəyişkəndir.

Məsələn, Cəlilabad və Şəmkir rayonlarını götürsək, son ildə bölgə infrastrukturunun bir neçə vacib obyekti,  o cümlədən, Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu istifadəyə verilib, 10-dan artıq subartezian quyuları üçün vəsait ayrılıb, rayon sutəmizləyici qurğular kompleksi tikilib.

Bu, əlbəttə, ümumilikdə ölkəni inkişaf etdirir, ancaq ilk olaraq konkret rayonların  sakinlərinə ünvanlanıb.

İlham Əliyev Cəlilabad rayonuna səfər zamanı

Ötən il büdcədən Cəlilabad rayonunda 12 subartezian quyusunun layihələşdirilməsi və qazılması üçün vəsait ayrılıb. Əkin sahələrinin suvarılması sistemi və 10-larla yaşayış məntəqəsinin içməli su ilə təminatı yaxşılaşacaq. Bu sonuncuya qonşu rayonlar da daxil olmaqla 100 min nəfərdən çox əhali aiddir.

Həmçinin ötən il Kənd təsərrüfatı nazirliyi Cəlilabad rayonunda taxıl emalı zavodunun layihələşdirilməsi ilə bağlı tender elan edib.  Burada bölgənin yeni suvarma infrastrukturu da hesaba alınıb.

Təbii, bütün bu proqram və obyektlər həm Bakıdakı mərkəzi hakimiyyətin, həm də yerli hakimiyyətlərin diqqət mərkəzindədir. Ancaq daha prozaik reallıqlar, lokal miqyaslar var ki, tamamilə yerli hakimiyyətlərdən asılıdır. Onların öz vətəndaşlarının təşəbbüslərini ünvanlı və fərdi olaraq dəstəkləmək işini necə ağılla və təsərrüfatçılıqla aparmasından  bütün ölkənin uğuru asılıdır.

Söhbət enerji təchizatı, suya qənaət, zibilin ayrı-ayrı toplanması, müxtəlif ekoloji təkliflərlə bağlı “aşağılar”ın təşəbbüslərinin stimullaşdırılmasından gedir.

Yerli hakimiyyətlər xırda infrastruktur layihələrin hazırlanması və həyata keçirilməsinə yardım etməli, təbliğatla, kadrların maariflənməsi ilə məşğul olmalı, özləri də dünya praktikasını öyrənməli və yerli şəraitə uyğunlaşdırmalıdırlar (“ağıllı kənd” sistemi).

Əslində bu, öz məkanını idarə etməyin gündəlik mədəniyyət məsələsidir. Onun standartları isə illərlə işlənib hazırlanır.

Bu barədə prezidentin nitqində də oxuyuruq: "Baxın, dövlət hər şeyi edib, gözəl yollar, qaz xətləri, elektrik, su kommunikasiyaları çəkilib, suvarma sistemləri, su ambarları yaradılıb, xəstəxanalar, məktəblər, idman qurğuları tikilib. Yerdə qalan işləri yerlərdəki rəhbərlər davam etdirməlidirlər. Bu da mənim sizə tapşırıqlarımdan biridir,  bir daha demək istəyirəm, elə işləmək lazımdır ki, insanlar sizdən razı qalsın, rayonlarda işlər yaxşı getsin, inkişaf, quruculuq, abadlıq olsun."

İqtisadiyyat şöbəsi

 

Xəbərlər