1917
Ölkə 2 Avqust 2021, 17:15

Bakıda yaşıllığı məhv edən xəstəlik yayılır, nadir Eldar şamları kütləvi quruyur

Xəzər rayonu, Buzovna qəsəbəsində Qırmızı Kitaba düşən Eldar şamı ağaclarından ibarət unikal yaşıllıq sahəsi məhv olmaq üzrədir. Onlarla ağac quruyub, daha yüzlərlə ağac təhlükədədir. 

Virtualaz.org paytaxtın iqlimi və ekologiyası üçün əvəzedilməz olan çoxillik Eldar şamı ağaclarının quruması səbəblərini araşdırıb. Bəlli olub ki, təkcə Buzovnada deyil, Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin küçəsində, Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində, Binəqədi rayonu Xocasən qəsəbəsində, Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda da çoxlu sayda Eldar şamı kütləvi şəkildə quruyur. 

“Ağaclar suvarılır, amma yenə də quruyur...”

Buzovna sakinləri deyirlər ki, Eldar şamı ağacları qəsəbədə ötən əsrin 70-ci illərində əkilib. Sakinlər son üç-dörd ildir, məhz  şam ağaclarının sürətlə quruduğunun şahidi olublar. Buzovnanın yaşlı sakinlərindən birinin sözlərinə görə, ağacların susuzluqdan quruması mümkün deyil. Çünki yaxınlıqdakı parkda yüzdən çox şam ağacı var və ağaclar az qala hər gün suvarılır: “Ağaclar suvarılır, amma yenə də quruyur”. 

Digər sakin isə bildirir ki, Eldar şamı ağaclarının əkildiyi ərazi  dəniz səviyyəsindən 25-27 metr yüksəklikdədir. Buna görə də ağacların şoran qrunt suları nəticəsində məhv olma ehtimalı da yoxdur. 

“Bir neçə il əvvəl yaşıllıq ərazisi abadlaşdırıldı, gördüyünüz bu park yaradıldı. Parkda yüzdən çox Eldar şamı ağacı var, ağaclara qulluq edilir. Lakin hər beş-altı ağacdan biri quruyub, yaxud artıq qurumağa başlayıb”, - sakin parkda qurumuş ağacları göstərir. Əlavə edir ki, həyətdə daşı daş üstünə qoyan kimi dərhal müxtəlif strukturların nümayəndələri peyda olur. Amma ağaclar göz görə-görə quruyur, heç kim bununla maraqlanmır. Qurumuş ağaclar kəsilmir və ya dərmanlanmır. Sakin deyir ki, hər gün parkda gəzişir, həmyaşıdları ilə dincəlir. Son illər ağacların qurumasına qarşı hansısa tədbir görüldüyünün şahidi olmayıb.  

Problemdən hamı xəbərdar imiş...

Parkla üzbəüz ərazidə, qəsəbədəki məktəbin həyətində, poliklinikanın qarşısında, yol kənarlarında əkilmiş Eldar şamı ağaclarının əksəriyyəti son günlərini yaşayır. 

Problemdən yaşıllığa cavabdeh olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, hətta Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın müvafiq institutları da  xəbərdardırlar. Suallarımıza cavab tapmaq üçün aidiyyatı nazirlik və agentliklər arasında bir neçə saatlıq ötür-ötür oyunlarından sonra öyrənirik ki, ötən il elə məhz bu strukturların mütəxəssislərindən ibarət komissiya yaradılıb. Hərçənd ki, eyni  komissiyada təmsil olunan bu strukturlar problemi  biri digərinin üstünə atmaqla məsuliyyətdən yayınmağa çalışırlar. 

Komissiyanın tərkibinə daxil olan mütəxəssislər günlərlə davam edən axtarışlardan sonra nəhayət, şam ağaclarının xəstəlikdən quruduğu qənaətinə gəliblər və qurumuş ağacların kökündən çıxarılaraq məhv edilməsi ilə bağlı qərar verilib. Hətta sənədləşdirmə işlərinin operativ həll olunması üçün daha bir qrup yaradılıb. Amma göründüyü kimi, komissiyanın qərarları dərhal yerinə yetirilməyib. Nəhəng villaların, çoxmərtəbəli binaların tikintisi üçün bir gecədə onlarla ağacı kökündən çıxaranlar, yaxud buna icazə verənlər Eldar şamı ağaclarının xilası üçün tədbir görməyə tələsməyiblər. İnfeksiya mənbəyi olan təhlükəli ağaclar vaxtında kəsilmədiyindən xəstəlik sürətlə digər ağaclara yayılıb və yayılmaqda davam edir.  

Başqa ölkələrdə Eldar şamları quruyur, amma...

Komissiya bununla təsəlli tapır ki, təkcə Azərbaycan bu problemlə üz-üzə qalmayıb, Eldar şamı ağaclarının məhv olması təhlükəsi bir çox ölkələrdə, məsələn, qonşu Gürcüstanda da müşahidə edilir. Qonşu dövlət də ən azı Azərbaycan kimi problemə səthi yanaşıb, amma fərqimiz ondadır ki, proses ekofəalların nəzarətindədir, onlar demək olar ki, mütəmadi olaraq görülən işlərin hesabatını tələb edirlər. 

Gürcüstan ağacların qurumasının səbəblərini araşdırmaq üçün Almaniyadan mütəxəssislər dəvət edib. Yerli mətbuatın məlumatına görə, fəallar bu ekoloji fəlakətin qarşısını almağın mümkünlüyünə əmindilər. Ancaq aidiyyatı strukturların ləng tərpənməsi problemin dərinləşməsinə səbəb olur. 

“Almanlar qurumuş ağacların sanitar qaydalara əsasən kəsilməsini, eyni zamanda, çiləmə üsulu ilə ağacların dərmanlanmasını tövsiyə ediblər, beləliklə, xəstəlik yavaş-yavaş geri çəkilməyə başlayacaqdı. Meriya daha çox texnika almalıdır. Şam və digər ağaclar üçün bir plan hazırlayarkən qlobal istiləşmə problemini nəzərə almaq vacibdir”,-ağacların qurumasına qarşı vaxtında tədbir görülməsinə Gürcüstan meriyası qarşısında etiraz edən gürcü fəallardan  biri vəziyyəti belə izah edib.  

Professor Vahid Fərzəliyev: “Bu o demək deyil ki, ağacların məhv olmasına seyrçi qalmalıyıq”

AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev də bu cür düşünür. O xəstəlik səbəbindən  qurumuş ağacların yeniləri ilə əvəzlənməsi şərtilə kəsilməsinin vacib olduğunu deyir. Virtualaz.org-a danışan biologiya elmləri doktoru bildirib ki, bu ağaclar xəstəlik mənbəyidir, digərlərini də yoluxdurur və təhlükə yaradır. Onsuz da bu ağaclar bioloji cəhətdən zəifləyib, xilas edilməsi vaxt keçdikcə çətinləşir. 

“Şam ağacı quraqlığa nə qədər davamlı olsa da, antropogen təsirlərə, ətraf mühitin çirklənməsinə qarşı bir o qədər həssasdır. Son dövrlərdə iqlim dəyişikliyi səbəbindən ölkədə quraq günlərin sayı çoxalıb. Bundan əlavə, qışda kifayət qədər soyuq olmur, “parazitlərin” donması və xəstəliklərin qarşısının alınması üçün isə soyuq lazımdır, yazda ağac  özünü yeniləməyə başlayır. Bu isə bitkilərdəki müəyyən göbələk xəstəliklərinin aktivləşməsinə, müəyyən həşərat və zərərvericilərin, xüsusilə qabıq böcəklərinin daha çox müşahidə olunmasına səbəb olub. Göbələklər ağacları getdikcə zəiflədərək qurudur”,-V.Fərzəliyev deyib. 

Onun sözlərinə görə, ötən ildən bu məsələni gündəmə gətirib, təcili tədbir görülməsi üçün müraciətlər edib: “Orta Asiyada, Avropada, Rusiyada, Belarusiyada, Gürcüstanda da Eldar şamı ağaclarının məhv olması müşahidə edilir. Azərbaycanda əkilən Eldar şamı ağaclarının təxminən 60-70 yaşı var, yəni yaşlanmış formadadırlar. Lakin bu o demək deyil ki, ağacların məhv olmasına seyrçi qalmalıyıq”.

Məsuliyyəti heç kim üzərinə götürmək istəmir

V.Fərzəliyev qeyd edib ki, quruyan ağacları digərlərini qorumaq üçün təcili kəsmək lazımdır. Bu proses ləngimədən həyata keçirilməlidir. Amma ağac kəsməyin məsuliyyətini heç kim üzərinə götürmək istəmir, çünki çox zaman ictimai qınaq yaranır.

“Bayıl yamacında da xeyli vaxtdır proses gedir, vaxtında qarşısı alınmazsa, Şəhidlər Xiyabanına, oradan da Mərkəzi Nəbatət Bağına doğru irəliləyəcək. Üstəlik, ağaclar kəsiləndən sonra təbiətə atılmamalıdır, məhv edilməlidir”,-Vahid Fərzəliyev qeyd edib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov isə virtualaz.org-a bildirib ki, Bakıdakı Eldar şamı ağaclarının quruması problemi artıq neçə ildir mövcuddur. 

“Ötən ilin əvvəlində Bakıda yol kənarlarında, parklarda Eldar şamı ağaclarının sürətlə quruduğunun şahidi olduq. Əvvəlcə bunun səbəbini agentlik olaraq özümüz araşdırdıq. Araşdırma zamanı müəyyən problemlər ortaya çıxdı. Belə qərara gəldik ki, komissiya yaradıb, məsələni köklü sürətdə araşdıraq.  Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Qida Təhlükəsizliyi  Agentliyinin, AMEA-nın Nəbatət Bağının, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatının nümayəndələrindən ibarət komissiya yaradıldı. Komissiya əvvəlcə ağacların nədən quruduğunu müəyyənləşdirməyə çalışdı. Şəhərin müxtəlif ərazilərində təhlillər apardıq. Bəlli oldu ki, bu problem tək Azərbaycanda deyil, Cənubi Qafqazda da mövcuddur”,-M.Qənbərov deyib.

Nazir tapşırıq verib, ağaclardan qurdlar aşkarlanıb

Müsahibimizin sözlərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev məsələ ilə bağlı tapşırıqlar verib. Ağacların gövdəsindən, yarpağından və torpaq örtüyündən nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib. Məlum olub ki, ağacların kökündə göbələklər əmələ gəlib, nəticədə ağac bioloji baxımdan zəifləyir. Eyni zamanda, hansı ağacların köklərində göbələk qurdları çoxdursa, o ağacın gövdəsində də qabığın altında müxtəlif qurdlar peyda olur.

“Laboratoriyalarda analizləri təkrar-təkrar yoxladılar. Xüsusilə Eldar şamı ağaclarında, müəyyən qədər də Sərv ağacında xəstəlik müşahidə edildi. O da bəlli oldu ki, xəstəlik əsasən yaşlı şam ağaclarında özünü büruzə verir. Buna görə də ağacların kəmiyyət və keyfiyyət göstəricilərini ortaya çıxarmaq üçün yeni qrup yaradıldı və qrupa 12 mütəxəssis cəlb edildi”,-agentlik sədri bildirib. 

Birinci komissiyanın rəyinə əsasən, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ötən il Xəzər rayonunda 400-ə yaxın, Səbail rayonunda 208, Binəqədidə 69, Nərimanov rayonunda 65, Qaradağ rayonunda isə 1508 ağac qiymətləndirilib və ağacların kökündən çıxarılmasına qərar verilib. İkinci komissiyanın qərarına görə isə, bu il Xəzər rayonu üzrə 131 Eldar şamı, həmçinin 2 sərv ağacı, Səbail rayonunda Bayıl yamacı və  Şəhidlər Xiyabanı istiqamətində 172 ağacın kəsilməsi üçün göstərişlər olduğu müəyyən edilib. Eləcə də Binəqədidə 137 ağacın məhv olmaq üzrə olduğu müəyyənləşib ki, , bunun da əksəriyyəti Xocasən ərazisində əkilib. 

“Mütəxəssislərin rəyinə əsasən,  ağaclar çıxarılandan sonra məhv edilməlidir ki, parazitlər sağlam ağaclara təsir etməsin. Biz də tərəfimizdən rayon icra hakimiyyətlərinə, bələdiyyələrə müraciət etmişik”,-Qənbərov deyib. 

Xəstə ağacları vaxtında kəsməyiblər, başqa ağaclar məhv olub

Ağacların kəsilməsi, yaxud kökündən çıxarılması Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Bunun üçün ərizə yazılmalı, həmin ərizəyə baxılmalı, müvafiq icazə verilməli və nəhayət qərar çıxarılmalıdır. M.Qənbərov əlavə edib ki, vaxt itkisinə yol verməmək üçün müvafiq nazirlik və idarələrin mütəxəssislərin iştirakı ilə daha bir kiçik  qrup yaradılıb.  Həmin qrup təxminən bir gün ərzində həm ərizələri qəbul edir, baxır, həm də qərar qəbul edir. 

Amma göründüyü kimi qurumuş, xəstəlik mənbəyi olan ağacların əksəriyyəti  təcili, operativ və vaxt itkisinə yol vermədən kökündən çıxarılaraq məhv edilməyib. Və beləliklə daha neçə ağacın məhv olmasına zəmin yaranıb. Agentlik sədri də etiraf edib ki, komissiyanın qərarlarının təxminən 80 faizi icra edilib. Bunun da müəyyən səbəbləri var, məsələn,  texnika çatışmır və bu sahədə çətinliklər mövcuddur. 

Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatından isə yalnız onu bildiriblər ki, xəstə ağacların götürülməsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsinin rəyi alındıqdan sonra həyata keçirilə bilər. Müvafiq rəylər daxil olduqca birlik tərəfindən həmin ağacların götürülməsi və bunun üçün  ayrılmış xüsusi poliqonda utilizasiya edilməsi prosesi həyata keçirilir. Bu proses gündəlik şəkildə həyata keçirilir və ağaclar götürülərək utilizasiya edilir.

 

Ülviyyə Xudiyeva

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər