814
Ölkə 27 İyul 2021, 18:30

İlham Əliyevi Suvorov, Stalin və Kayşi ilə bir sırada görürlər

Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ildırım sürətli 44 günlük Vətən müharibəsində özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərib: "Onun rəhbərliyi ilə düşmən üzərində şanlı qələbə qazanılıb və torpaqlarımız işğaldan azad edilib. Ölkə başçısının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə inkişafa nail olunub, qudrətli iqtisadiyyat və bu baza üzərində güclü Ordu, həmçinin torpaqlarımızın azad edilməsinin hüquqi bazası yaradılıb. Bunun da nəticəsində böyük qələbə qazanılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri aparılır. Qazanılan şanlı qələbə və aparılan genişmiqyaslı quruculuq işləri ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub və bu da tarixdə şəxsiyyətlərin rolunu bu bir daha təsdiq edir".

O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir: "Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara ulu tanrıdan rəhmət diləyirik. Eyni zamanda qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Bu gün onların müalicəsi, cəmiyyətə inteqrasiyası, lazımı tələbatlarının ödənilməsi bütün qurumların əsas vəzifələrindən biridir".

Açıq dialoq şəklində keçirilən görüşdə müharibə iştirakçıları və qazilər dinlənilib, onların sual və təklifləri nəzarətə alınıb. Görüşdə Vətən müharibəsi iştirakçıları və qazilərin müharibə ilə bağlı memuarlarının toplanıb kitab şəklində çap edilməsi və digər məsələlərin həlli ilə bağlı Şura yaradılması qərara alınıb.

Vətən müharibəsindəki döyüşlərdə iştirakından danışan qazi Fərid Həsənov Vətən müharibəsi günlərində dövləti və ordunu məharətlə idarə edən, torpaqlarımızın azad edilməsində əvəzsiz xidməti olan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ən yüksək hərbi rütbə olan “Generalissimus” ali hərbi rütbəsinin verilməsini təklif edib.

Digər çıxışçılar ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, SSRİ-in hərbi nizamnaməsinə əsasən, “Generalissimus” rütbəsi Vətən qarşısında müharibə zamanı dövlətin bütün Silahlı qüvvələrinə rəhbərlik etmə zamanı xüsusi xidmət göstərənlərə verilə bilərdi. Bununla yanaşı, tarixən generalissimus rütbəsi müharibə zamanı eyni vaxtda həm dövlətə, həm də Silahlı Qüvvələrə rəhbərlik edən tarixi şəxslərə verilirdi.  

Tarixdə bu ali hərbi rütbəyə malik şəxslər o qədər də çox deyil. Ən tanınmış generalissimus rütbəsi alanlar Aleksandr Suvorov, İosif Stalin, Çan Kayşi, İsveç Kralı Karl Qustav, Yapon imperatoru Xiroxito və s.

Heç kəs demir ki, bu təşəbbüsün arxasında hakim mənbələr dayanıb. Həmçinin, güman etmirik ki, Prezident İlham Əliyevə generalissimus rütbəsi verilsin. Lakin ikinci Qarabağ müharibəsinin bəzi veteran və qazilərinin Ali Baş Komandan İlham Əliyevə bu cür minnətdarlıq və səmimi dəstək hissini nümayiş etməsi bizim də diqqətimizi çəkdi. Bu, əsgərlərin öz Prezidentinə sonsuz minnətdarlığının və sevgisinin ifadəsidir. Virtualaz.org     

Xəbərlər